1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

etibarƏlim də gəlmir yazmağa, AFFA yenə zada düşüb…

Dərdə düşüb, dərdə. Pul-para dərdi olsaydı, nə vardı, şokolad kimi neftimizin hesabına ötüşdürə bilərdi. Birinci dəfə deyil ki…

Elə bil AFFA-nın qaraçuxası yatıb, hər dəfə bir iş görmək istəyəndə nəsə “amma” çıxır. Əsas yığmanın əl-ayağını yığır, Premyer Liqada işlər kəllə-mayallaq olur. Bu cür təmtəraqlı adı olan çempionatımızda ancaq “Qarabağ” oynayır, o birilər ora-bura qaçıb mövsümü yola vermək istəyirlər.

AFFA yazıq 17 yaşlı növcavanlar arasında Avropa çempionatı keçirir, stadionları doldurur, Portuqaliyalı uşaqlar qapımıza 5 top vururlar. Belə çıxır ki, bütün bu həngamə bizi biabır etməkdən ötrü imiş.
Futbol nazirliyimiz – AFFA hakimlərə ətək-ətək pul ayırır, deyir, uçun Polşaya, Türkiyəyə, yaxşı məşq edin, nəsə öyrənin. Hakimlərimiz nə edir? Əlləri ətəklərindən uzun qayıdırlar geri, bu azmış kimi, hər oyunda yekə bir “quş” buraxırlar.

Hələ mən 1-ci divizionda baş verənləri tam yazmıram… Nədi, yadınıza düşmədi? Bizdə adına 1-ci divizion deyilən bir zad da var axı. AFFA-nı növbəti dəfə çətin sual qarşısında qoyan, təzyiqini yuxarı qaldıran elə aşağı dəstədəki komandalardı. Məhz oradakılar o gün, şər qarışan vaxtı götürüb AFFA-ya yekə bir məktub göndəriblər. İlin-günün bu zamanında vaxtınızı ayırıb məktubu sona qədər oxusanız, bilirəm ki, əliniz üzünüzə yapışacaq. Zalım uşaqları, düz-əməlli top qova bilməsələr də, məktub yazmağı əla bacarırlar. Elə bil Maksim Qorki yazıçı həmkarı Anton Çexova məktub yazıb. Nə isə, lənət FİFA-ya…

Keçək ildırım sürətiylə AFFA-ya çatan məktubun mətninə. Qədim zamanlarda deyildiyi kimi, oxucularımızın marağını nəzərə alıb 1-ci divizion komandalarının AFFA-ya ünvanladıqları məktubun tam mətnini təqdim edirik:

“Çox hörmətli AFFA rəhbərliyi!

Sizin Azərbaycan futbolu üçün etdiyiniz işlərin gözəlliyini yalnız “Barselona”nın oyunu ilə müqayisə etmək olar. Göstərdiyiniz bu böyük işlərdən bizlərə – 1-ci divizion komandalarına da pay düşüb, payınız artıq olsun. Amma son vaxtlar baş verənlərdən ciddi narahatıq. Çünki divizionumuzun başını qara buludlar alıb. İşlərin gedişindən belə anlaşılır ki, “Xəzər Lənkəran”ı növbəti mövsümdən bizim divizionda göndərirsiniz. Məhz bu məsələdən narahat olub Sizin neftdən qiymətli vaxtınızı alıb müraciət göndərməyə məcbur olduq.

Turnir cədvəlindən və azarkeş gözündən düşən, Allah ümidinə buraxılan, ümiddən başqa heç nə ilə idarə olunmayan “Xəzər Lənkəran” kimi bir klub gəlib gül kimi 1-ci divizionu da hörmətdən salacaq. 15 oyuna 1 xal toplayan, 1 top vuran klubun bizim aramızda nə işi var axı? Tural Qürbətov, Vüqar Bəybalayev, Orxan Səfiyaroğlu, Zaman Mirzəzadə, Mahsun Qəmbərli kimi futbolçular bizdə 7 avtobusdu. Onlar da gəlsə, görün bir nələr olacaq.

Hələ biz azarkeş məsələsini çox qabartmırıq. Özünüz də yaxşı bilirsiniz ki, bizim hər oyunumuza heç olmasa, 60-70 fanat gəlir, el bilir, aləm bilir ki, son vaxtlar “Xəzər Lənkəran”ın meydan gəzintilərini 12 azarkeş izləyir. Belə bir klubun 1-ci divizionda oynamağa haqqı varmı?

Sizdən tələb edirik, gül kimi divizionumuzu belə bir klubdan qoruyun. Əks təqdirdə, biz “Xəzər Lənkəran”la oyunlara çıxmaqdan imtina edəcəyik. Hörmətli AFFA rəhbərliyi, Sizə 10 gün vaxt veririk və ümid edirik ki, tələbimiz müsbət cavablanacaq”.

Yenə lənət FİFA-ya, 1-ci divizion komandaları ayaqlarını, pardon, başlarını işlədib məktub yazıblar. İndi də düşünmək növbəsi AFFA-dadı. Görək, futbol nazirliyimizin sözü keçən şəxsləri bu məktuba nə cavab verəcəklər. Tərslikdən vaxt da daralır…

Etibar Cəbrayıloğlu.

MƏNBƏ: “Het-trik news” qəzeti

 

3 Şərh

  1. Azərbaycanlı says:

    Baababbat məktubdu-arabamızda qalsın…

  2. Xəzər Lənkəran futbol adına hec nə oynaya bilmirsə, rəhbərlik futbolu şəxsi qazanc və gəlir məqsədi kimi qavrayırsa, peşəkarlıqdan uzaq şəxslər layiq olmadıqları vəzifələri icra edirlərsə, o zaman günahı AFFA-da axtarmaq dogru deyil.

  3. Batasan AFFA!.12 azarkeşdə sənin gözünə girir.

Z.L üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 9 = onbeş