9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

22008-ci ilin 22-fevral tarixində “Xəzər Lənkəran”ın Lənkəranda yaşayan fəal azarkeşləri bir araya gələrək “12-ci oyunçu” müstəqil fan klununun ilk təsis yığıncağını keçirdilər.

Bu tarix rəsmi qaydada fan klubun yaranması günüdür. Amma  “12-ci oyunçu”nun yaranmasının kökləri 2005-ci ilin may ayına gedib çıxır. Beləliklə, “12-ci oyunçu” nun yaranmasının indiyə qədər heç yerdə yazılmayan tarixçəsini ilk dəfə saytımızda təqdim edirik. Qeyd edək ki, yazıda yer alan bütün hadisələr həqiqidir.

Hər şey 2005-ci ilin may ayında başladı…

 2005-ci ilin may ayında  televiziya və mətbuatda üstünlük təşkil edən “Neftçipərəst”lərə cavab verməyin variantları Lənkəranda yaşayan azarkeşlər arasında qızğın müzakirələrə səbəb olurdu. Lakin ortaya çıxıb konkret iş görənlər  yox idi. Elə “Xəzər Lənkəran” klubunun mətbuat xidməti  də bu işdə passivlik nümayiş etdirdikcə Lənkəranda yaşayan minlərlə azarkeşin əsəbləri tarıma çəkilmişdi.

Biz nə  televiziyada nə də qəzetdə işləmirdik.

Belə bir vəziyyətdə iki azarkeş  Anar Məmmədli və İslam Cabbarlı mətbuatda cənub təmsilçisinin hüquqlarını qorumaq üçün mücadiləyə başladılar. “Xəzər Lənkəran” klubu rəhbərliyinin həmin ərəfələrdə bu cütlüyü tanımaq belə istəməməsinə baxmayaraq özlərini Lənkəran televiziyasının əməkdaşları kimi təqdim edərək “Futbol+” qəzetinə “Xəzər Lənkəran” haqqında həqiqətləri əks etdirən məlumatları ötürdükcə elə ilk cəhddən “Neftçi” tərəfdarlarının qələm “silahı” kütləşməyə başladı. Anar və İslam eyni zamanda  özlərini “Futbol+” qəzetinin  müxbiri və foto müxbiri kimi təqdim edərək “Xəzər Lənkəran” klubunun bazasına həmçinin komanda daxilinə çoxlu maneələri aşaraq yol tapa bildilər.

Klubun bazasına daxil olmaq üçün nə etməli?

 “Xəzər Lənkəran”a qarşı antitəbliğat işi o qədər güclü idi ki, necə deyərlər “hər yerindən duran” qələm sahibi cənub klubu və azarkeşləri haqqında ağlına ilk gələni yazırdı. Mətbuatda ”Xəzər Lənkəran“ və “Neftçi” klubları haqqında olan fikirlərin arasında balans yaradılması üçün biz tez-tez komandanın bazasına gedib informasiya toplamalı idik. Lakin o vaxtlar klubun icraçı direktoru olan Tuyqun Nadirov bizim azarkeş kimi klubun xeyirnə olan fikirlərimizə qulaq asmadan daim rəsmi qaydada danışırdı. Biz hətta komandanın bazasına öz hesabımıza gündəlik mətbuatın çatdırılmasını da təklif etdik. Lakin bütün dediklərimiz kimi bu təklifimiz də qulaq ardına vuruldu. O vaxtlar klubun vitse-prezidenti olan Mais Mənsimovun da bizi görməkdən xoşlanmadığı da elə ilk görüşdən məlum oldu. Hətta bəzən o bizim bazaya daxil olmağımıza və o vaxtkı baş məşçqi Rasim Karadan müsahibə almağımıza da qadağa qoyurdu. Hər gün komandanın bazası qarşısında saatlarla dayanaraq Türk çalışdırıcının komanda ilə birgə məşqə çıxmasını və onunla söhbətləşmək istəyimizi bildirmək üçün şans arayırdıq. Digər vasitə də bazada çalışan mühafizəçilərin bizi şəxsən tanımaları idi. Məhz onların vasitəsi ilə o vaxtlar baş məşqçidən köməkçi məşqiyə çevrilən Nazim Süleymanova və onun vasitəsi ilə də Karaya bizimlə görüşməsi üçün xəbərlər göndərirdik. Nəhayət günlərin birində vitse prezidentin göstərişinə əsasən növbəti dəfə bizim bazadan uzaqlaşdırılmamıza Rasim Karanın bir başa Türkiyə ilə əlaqə saxlaması mane oldu. Məhz Türkiyədən gələn xüsusi tapşırıqdan sonra bizi bazada normal qaydada qəbul etdilər. “Patron”dan gələn bu tapşırıq bizim bazaya sonrakı  səfərlərimiz üçün sanki buraxlış vərəqəsi oldu.

 “Futbol+” qəzetini ilk səhifəsini necə zəbt etdik?

“Xəzər Lənkəran” UEFA turnirində “Nistru”ya məğlub olandan sonra klub mətbuatla əlaqələrini tam olaraq kəsmişdi. Bu da öz növbəsində mətbuatda cənub təmsilçisi haqqında tənqidi yazıların sayını artırmışdı. Bu yazılar isə minlərlə azarkeşin sinirləri ilə oynamaqdan başqa bir şey deyildi. Həmin ərəfədə “Xəzər Lənkəran”ın baş məşqçisi Rasim Kara ilk olaraq müsahibəni bizə verdi. Anar Məmmədlinin Türk məşqçidən aldığı müsahibə həm forma etibarı ilə həm də məzmunu ilə, eyni zamanda aktuallığı ilə o qədər maralı alınmışdı ki, müsahibə qəzetin ilk səhifəsində dərc olundu.  Daha sonra Stadionun ilk dəfə fotoşəklini ölkə mətbuatına çıxarmaqla arenanın möhtəşəmliyini əyani şəkildə göstərə bildik.

Ardıyca  klub rəsmilərindən və komandanın futbolçularından bir neçə müsahibələrinin alınaraq qəzet səhifələrinə ötürülməsi “Xəzər Lənkəran”a qarşı həmin ərəfələrdə aparılan antitəbliğat maşınını sökə bildi. Onu da əlavə edək ki, dəfələrlə klubun bazası qarşısında klub əməkdaşları tərəfindən müxtəlif formalarda hörmətsiz hərəkətlər görməyimizə rəğmən biz fəaliyyətimizi dayandırmırdıq.

“Futbol+” qəzetinin ilk cənub bölgə müxbiri.

 Bu bir neçə ay davam etdikdən sonra Anar Məmmədli “Futbol+” qəzetinin rəsmi qaydada cənub bölgəsi üzrə ilk bölgə  müxbiri kimi fəaliyyətə başladı. İslam Cabbarlı isə fəal azarkeşlərlə birgə müxtəlif layihələrin həyata keçirilməsini davam etdirdi. Anar Məmmədlinin fəaliyyəti zamanı “Xəzər Lənkəran” klubu və azarkeşləri  üçün gördüyü işlər o qədər böyük idi ki, hətta klubun mətbuat xidmətinin 2004-cü ildən bu günə kimi gördüyü işlər onun yanında zərrə ilə ölçülə bilər. “Xəzər Lənkəran”ın ev oyunlarından hazırladığı reportajlarda tribunları dolduran azarkeşlər haqqında  həqiqətləri ölkə mətbuatına ilk çıxaran Məmmədli qısa müddət ərzində  cənublu futbolsevələrin sevimlisinə çevrilmişdi.

“Fırtınalar meydanı” adının müəllifi kimdir?

Stadiona  “Fırtınalar meydanı” adının verilməsi ideyası da Anar Məmmədliyə məxsusudur. 2005-ci ilin sentyabrında Anar Məmmədli stadiona belə bir adın verilməsini ilk olaraq İslam Cabbarlı ilə məsləhətləşdi. Daha sonra onlar fəal azarkeşlərlə söhbətlər zamanı stadionu “Fırtınalar meydanı” kimi adlandırmağı təklif etdilər. Bu ideya dərhal Lənkəranda yayıldı. Bir neçə gün sonra Məmmədli stadionun direktoru Höccət Hacıyevə və rəsmi fan klubun rəhbəri Samir Qasımova bu barədə xəbər verdi.  Lənkəranda “Fırtınalar meydan”ı adı sevilərək qarşılandıqdan sonra Məmmədli əməkdaşı olduğu “Futbol+” qəzetində “Çayla dənizin birləşdiyi yerdə “Fırtınalar meydan”ı” başlıqlı yazısında bu adın stadiona verilməsini “rəsmi”ləşdirdi. Daim klub rəhbərliyi və mühafizəçilər tərəfindən müxtəlif formalarda hörmətsiz davranışlarla qarşılaşan Məmmədli yurd sevgisini əsas götürərək işinə davam edirdi. 2008-ci ildə “Futbol+” qəzetindən uzaqlaşan Anar Məmmədli “12cioyunçu” Müstəqil Fan klubunun yaradıcılarından və 3-təsisçisindən biri oldu (bu barədə aşağıda daha ətraflı).

“12-ci oyunçu”nun “Xaç atası”…

İslam Cabbarlı Anar Məmmədliyə bəzi işlərində yardım etməyə çalışrıdı. Lakin Cabbarlı əsasən  fəal azarkeşlərlə fəaliyyətini  həyata keçirilən layihələrlə davam etdirirdi. Bu işlərdə fəallıq  2006-cı ildə daha da artdı. Həmin il ərzində yadda qalan müxtəlif işlər görüldü, ən maraqlısı  dekabr ayında “Fırtınalar Meydanı”nda maraqlı görüntülərlə  davam edən  layihəmiz oldu. 2006/2007 çempionatının birinci dövrəsinin son oyununda “Xəzər Lənkəran” Qəbələnin “Gilan” (indiki adı “Qəbələ”) klubu ilə qarşılaşırdı(09 dekabr 2006). Birinci dövrənin yekunlarına görə “Xəzər Lənkəran” “qış çempionu” olmuşdu.  Fəal azarkeşləri bir yerə yığaraq hamılıqla yüzlərlə“Santa Klaus” papaqları ilə stadionda qeyri adi formada azarkeşlik etdik. İki gün sonra “Futbol+” qəzeti bu hadisəni işıqlandırdı. Həmin oyundan 3-gün sonra dekabrın 12-də Lənkəranda faəl azarkeşlərlə (2007-ci ilin fevralından başlayaraq ev oyunları üçün) yeni layihələri müzakirə edərkən gözlənilmədən “12-ci oyunçu” fan klubunu yaratmaq təklifi gəldi. Təklifi verən o vaxtlar “Futbol+” qəzetinin cənub bölgəsi üzrə müxbiri olan hazırda isə “Xəzər Lənkəran”ın mətbuat xidətinin rəhbəri olan Hüseyn Cəbrayıloğlu  idi. Məhz bu hadisədən məlumatlı olan bəzi azarkeşlər və ölkənin bəzi tanınmış mətbuat nümayəndələri Hüseyn bəyi “12-ci oyunçu”nun “Xaç atası” deyə çağırırdılar…

“12-ci oyunçu”nun qeyri rəsmi fəaliyyəti və ”Gələn il kimin yubileyidir ?”

İdeyanın ətrafında çalışmaları davam etdirərək fan klubun təşkilat komitəsini yaratdıq. Hələ heç bir yerdə fəaliyyətimiz barədə məlumat  verməyərək gördüyümüz işləri ümumi azarkeş kütləsinin adına yazırdıq. Bütün işlərin həyata keçirilməsinə həmişə olduğu kimi İslam Cabbarlı rəhbərlik edirdi. O hər gün fəal azarkeşləri ətrafına toplayaraq müzakirələr aparırdı. Tribunalara toplaşan azarkeşlərə demək olar ki, hər oyunda “hamı ağ-yaşıl” adlı layihənin davamı olaraq  öz hesabımıza ağ-yaşıl vərəqələr hazırlayıb paylayırdıq. Klub rəhbərliyi bizi görmədən gəldikcə biz də rəhbərliklə hər hansı bir əlaqənin qurulmasını arzulamırdıq. Bəzən hətta bizim, parakəndə halda gördüyümüz işlər rəsmi fan klubun tərəfindən həyata keçirildiyi kimi qələmə verilirdi. ”Gələn il kimin yubileyidir ?” yazılmış bannerimiz hələ də bir çox azarkeşin yaddaşındadır. “Neftçi”nin 70-illik yubileyi  qeyd olunan ərəfədə hazırladığımız banner necə deyərlər yerinə düşmüşdü.

“15000-lik stadion, 14999+sən”

 Növbəti çempionatda “15000-lik stadion, 14999+sən” adlı layihəmiz ilk cəhddən alınmadı. Beləki, 2007-ci il sentyabrın 16-da “Xəzər Lənkəran”- “Turan” oyununun “Fırtınalar meydanı”nda keçiriləcəyi nəzərədə tutulsa da ot örtüyünün bərbad vəziyyətdə olması səbəbindən qarşılaşma Lənkəran Olimpiya Mərkəzində baş tutdu.

“12-ci oyunçu” MFK yaranması rəsmən elan olundu…

 “12-ci oyunçu” müstəqil fan klubunu (12-ci oyunçu mfk) 22-fevral 2008-ci il tarixində rəsmən yaratdıq. Həmin gün təsis yığıncağını keçirərək nizamnaməmizi təsdiq etdik. Fan klubun təsisçiləri İqbal Səlimov, Anar Məmmədli (haqqında yuxarıda qeyd olunan A.M.) və İslam Cabbarlı oldular. Toplantıda fan klubun idarə heyəti, daha sonra fəaliyyət proqramı müəyyənləşdi və İslam Cabbarlı idarə heyətinin rəhbəri seçildi. Üç təsisçi eyni zamanda idarə heyətinin üzvləri kimi fan klubun fəaliyyəti zamanı bütün  maddi problemləri öz hesablarına həll etdilər.

İlk rəsmi “15.000-nin” tarixçəsi…

“15000-lik stadion, 14999+sən” adlı layihəmizlə bağlı ikinci cəhdimiz uğurlu oldu və biz tribunaları tam doldura bilmişdik. Bu 2008-ci il martın 20-də keçirilən “Xəzər Lənkəran” – AZAL (O vaxtkı “Olimpik”) kubok matçında baş vermişdi. Onu da əlavə edək ki, bu oyundan öncə “Xəzər Lənkəran“ klubu afişalar hazırlamamışdı. Məhz belə bir vəziyyətdə “12-ci oyunçu” olaraq oyundan öncə afişaları öz hesabımıza hazırlayaraq Lənkəranı bütövlüklə bəzəmişdik. Lənkəran stadionunda 15000- azarkeşin toplanması ilk dəfə məhz həmin oyunda AFFA-nın rəsmi protokolunda qeyd olundu (İndi oyunların rəsmi protokolunu PFL təşkil edir) və beləcə “15000-lik stadion, 14999+sən” layihəmizi çətinliklə lakin uğurla həyata keçirdik.

Müstəqilliyin atributları.

Azərbaycanın ilk müstəqil fan klubunun yaranması yenə də “Futbol+” qəzetinin 23-fevral tarixli nömrəsində işıqlandırılmışdı. Üç gün sonra fan klubun növbəti toplantısında artıq 50-ə yaxın üzv fan kluba qəbul olundu. Azərbaycanda ilk dəfə biz, “12-ci oyunçu” olaraq  “Xəzər Lənkəran” klubu ilə əlaqə yaratmadan və klubdan köynək, şarf, pulsuz bilet,  yol xərci, petard,(fişəng) almadan, komandanın səfər oyunlarına getmək üçün klubun təklif etdiyi avtobuslardan imtina edərək, tam müstəqil formada fəaliyyətimizi qurmağa başladıq. Fan klubumuz  üçün öz hesabımıza baraban aldıq, səfər oyunlarına gedərkən “Xəzər Lənkəran” klubunun təşkil etdiyi avtobuslarla deyil, öz hesabımıza (İkaruz markalı) kirayələdiyimiz avtobuslarla yola çıxdıq. Fan klubumuzun idarə heyyəti üzvlərinin şəxsi ianələri hesabına aldığımız parçalardan bayraqlar və müxtəlif atributlar hazırlayıb azarkeşlərə hədiyyə etməyimiz artıq ənənənə halını almışdı. “Fırtınalar meydanı”nın “E”- sektorunu özümüzə daimi məkan seçdik. (Fan klubun yarandığı gündən düz bir il sonra 22- fevral 2009-cu ildə fan klumuzun internet saytını açdıq, aşağıda daha ətraflı) Klubla əlaqə yaradan hər hansı bir üzv dərhal fan klubdan kənarlaşdırlırdı.

Müstəqilliyin çətinlikləri.

Fan klubumuz stadiona daxil olmaqda belə süni maneələrlə üzləşirdi. Beləki, klub tərəfindən tanınmadığımızı bəhanə edərək stadionun qapısı ağzında daim mühafizəçilər qarşımızı alır, öz pulumuza aldığımız barabanı belə bəzən stadionun içərisinə daşımağa imkan vermirdilər. Bizim biletlə stadiona daxil olmağımızı görən sadə azarkeşlər heyran qalırdılarsa, stadiona daxil olmağımızda yaradılan süni maneələrə isə  təəccüblənirdilər.

Azarkeşlərə pulsuz bilet paylanması.

2008-ci ilin sentyabr –dekabr aylarında “Fırtınalar meydanı”nda keçirilən oyunlarda daha bir yeniliyə imza atdıq. Beləki, “12-ci oyunçu” olaraq Azərbaycanda ilk dəfə biz öz hesabımıza pulla aldığımız biletləri sadə azarkeşlərə paylamağa başladıq. Hər oyundan əvvəl 100-ədəd stadionun kassalarında öz hesabımıza biletləri alıb paylayaraq imkansız azarkeşlərin stadiona axınını təmin etməklə də işimizi bitirmiş saymırdıq.

Azarkeşlərə hədiyyələr paylanılır.

Beləki, həmin ərəfədə çempionatın hər oyununda Azərbaycanın dövlət himni səsləndirildiyindən, “12-ci oyunçu” olaraq biz hər oyunda dövlət himninin mətni yazılmış minlərlə vərəqələri, kiçik həcmdə olan üçrəngli dövlət bayraqlarını stadionda paylayırdıq. Ardıyca stadionun müxtəlif sektorlarında yer alan azarkeşlərə yenə də öz hesabımıza aldığımız üzərində “Xəzər Lənkəran“ yazılmış köynəkləri və şarfları paylayırdıq.

Biz milyarder olmasaq da…

Təbii ki, bütün bunlar böyük xərclərlə davamlı olurdu. Belə bir vəziyyətdə fan klubun rəhbəri İslam Cabbarlı az qala bütün şəxsi əmlakını sataraq fan klubun həyata keçirdiyi layihələrin xərclərini ödəməyə çalışırdı. Maddi çətinliklərə üzləşdiyimizdən ağ-yaşıl parçalar alaraq özümüz şarflar hazırlamağa başladıq. Bu yolla stadionun “E” sektorunda  hər oyunda bir yeniliyə imza atmağa çalışrdıq. Lakin cəmiətin kasıb təbəqəsinin nümayəndələri kimi bizim üçün mümkün olmayanı biz etdikcə maddi imkanlarımız getdikcə tam tükəndi. “12-ci oyunçu”nun rəhbəri İslam Cabbarlı hər oyundan öncə şəxsən tanıdğı hər kəsdən borc pullar alıb fan klubun ənənələrini davam etdirirdi. Bu da təbii ki, çox çəkə bilməzdi.

Fan klubun fəaliyyəti dayandırıldı və “12-ci oyunçu” azarkeş qrupu yaradıldı

Ümumiyyətlə fan klubumuzun müstəqil fəaliyyəti və böyük layihələrə imza atması böyük maddi xərclər bahasına başa gəlirdi. 2009-il qış faisləsindən sonra keçirilən oyunlarda fan klubumuzun yerləşdiyi “E” sektoruna yaxın sektorlarda yerləşən azarkeşlərə hədiyələr verməyə heç nəyimiz qalmayınca bir çoxları bizdən uzaqda oturmağa üstünlük verdilər. Beləcə 2009-cu ilin martın 2-də “12-ci oyunçu” müstəqil fan klubunun fəaliyyətini dayandırdıq. Bir müddət sonra isə fan klubun bazasında yeni formada fəaliyyət göstərən “12-ci oyunçu” azarkeş klubu (azarkeş qrupu) yaratdıq. “12-ci oyunçu” azarkeş qrupu olaraq biz bu illər ərzində “Xəzər Lənkəran”ın ən çətin günlərində də komandanın yanında olmuşuq.

 Azarkeş qrupunun fəaliyyəti.

“Xəzər Lənkəran” klubu ətrafında baş verən hadisələrlə əlaqədar fan klublar münasibətlərini bilridirdikdən sonra yerə qalan on minlərlə sadə azarkeşin istək və arzuları ilə maraqlananlar olmurdu. Belə bir çətin işi “12-ci oyunçu” öz öhdəsinə götürdü. 2009-2010 mövsümündə “12-ci oyunçu” klub rəhbərliyi ilə azarkeşlər arasında körpü rolunu oynamağa başladı. Sadə azarkeşlərin müxtəlif məsələlərlə bağlı fikir və istəklərinin klub rəhbərliyinə çatdırılması, problemlərin həll olunmasında yaxından iştirak etməklə işimizi bitmiş saymayaraq matçlar zamanı da stadionda yenə də “E” sektorunda yerimizi alaraq komandadan dəstəyimizi əsirgəmirdik. 2009-cu ilin avqust ayının 14-də yay transferindən sonra “Xəzər Lənkəran“ komandasının təqdim etmə mərasimi keçirildi. “12-ci oyunçu” bu mərasimin ideya müəllifi olaraq tədbirin keçirilməsində və təşkilatçılıqda kluba yardımçı oldu. Həmin ərəfədə hətta Azarkeşlərdən ibarət komanda yaradaraq “Xəzər Lənkəran”ın əsas heyəti ilə yoldaşlıq oyunun təşkili ideaysı ilə kluba müraciət etdik. Klub rəhbərliyinin müsbət cavabını alsaq da komandanın o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov buna razılıq vermədi. “12-ci oyunçu” azarkeş qrupunun fəaliyyətində milli komandanın Lənkəranda bir neçə il öncə sentyabr ayında Finlandiya millisinə qarşı keçirilən matçda “NO RASİZM” adlı layihənin olduğunu da qeyd edək.

2010-cu ilin mayına qədər komandanın məşqçi heyəti ilə azarkeşlərin görüşlərinin keçirilməsinin təşkili  bir yenilik kimi bizim fəaliyyətimizin bir hissəsinə çevrilmişdi. Artıq maddi imkanlarımız yol vermədiyindən biz hər hansı layihənin keçirilməsi təkliflərində daha çox  təşkilatçılıq edirdik. Bəzən isə klub rəhbərliyinə etdiyimiz təkliflər əsasında rəhbərlikdə bu layihələrdə iştirakçı olurdu.

“12-ci oyunçu”nun rekordu…

2010-cu ilin mayın 15-də “Fırtınalar meydanı”nda keçirilən “Xəzər Lənkəran” – “Bakı” oyununda bütün stadionun ağ lentlərə bürünməsi də “12-ci oyunçu”nun növbəti layihəsi idi. Bakıda yaşayan azarkeşlərimizin maddi dəstəyi və “12-ci oyunçu” azarkeş qrupunun təşkilatçılığı ilə həmin gün stadiona 5000 ədəd ağ lent səpələnmişdi ki, bu da hələki Azərbaycan futbolunda rekord hal sayılır.

Komandaya dəstək vermənin yeni yolu

2010-2011- mövsümündə də “12-ci oyunçu” azarkeş qrupu olaraq kifayət qədər komandaya dəstək olduq. “Xəzər Lənkəran” komandası 2010-2011- mövsümünün təsnifat mərhələsində səfərdə 13-mart tarixində AZAL-a 0:1 hesabı ilə məğlub olaraq “qara zolaq”a düşmüş və həmin oyun da daxil olmaqla düz 5-oyun qələbəyə həsrət qalmışdı. Nəhayət komandanın (18-22 aprel) Lənkəranda keçirilən məşqlərində “12-ci oyunçu” olaraq komandanı həvəsləndirib bu vəziyyətdən çıxara bildik. Biz hər gün məşqlər zamanı yeni bannerlər açır, şüarlar səsləndirir, futbolçuları həvəsləndirirdik. Dörd gün ərzində keçirilən məşqlərdə futbolçularda ruh yükəskliyi yarada bilmişdik. Artıq növbəti turda 23-aprel tarixində “Xəzər Lənkəran” komandası “Fırtınalar meydanı”nda AZAL üzərində 3:0-lıq qələbəsini bayram edərək “qara zolaq”dan çıxa bildi. Oyun bitincə isə ilk dəfə komanda bütün heyətlə rəsmi fan klubun yerləşdiyi “J” sektoruna tərəf deyil, məhz “E” sektoru (qapının arxasında böyük ölçüdə olan “12”-rəqəmi yazılmış yer)  istiqamətində gələrək məşqlərdəki dəstəyə görə təşəkkür etdilər.

Heç yerdə deyilməyən informasiya…

“Xəzər Lənkəran” komandasının müxtəlif zamanlarda Lənkəranda təntənəli şəkildə qarşılanma mərasimlərini də yalnız “12-ci oyunçu”nun həyata keçirdiyini qeyd edək. Bir az irəli gedərək bildirək ki, 25-may 2011-ci il tarixində 2010/2011mövsümündə ölkə kubokuna sahib çıxan “Xəzər Lənkəran“ komandasının (ertəsi gün) bir günlük Lənkərana gələrək azarkeşlərin qarşısına çıxmasını da məhz “12-ci oyunçu” azarkeş qrupu təşkil etmişdir. Beləki,  kuboka sahib çıxan komandamızın Lənkərana gəlib-gəlməyəcəyini öyrənmək üçün kubokun final oyunundan həmən sonra klub rəhbərliyi ilə əlaqə saxlamışdıq. Rəhbərlik qəti şəkildə bunun mümkün olmadığını və legioner futbolçuların vətənlərinə getmək üçün oyundan öncə artıq avia biletləri aldıqlarını bildirmişdi. Lakin biz “12-ci oyunçu” azarkeş qrupu olaraq klub rəhbərliyinə etdiyimiz xahilşin yerinə yetirilməməsini görüncə komandanın baş məşqçisi Mirça Redniklə bir başa əlaqə saxlamağı məqsəduyğun saydıq. Mirça Redniklə 15-dəqiqəlik söhbətimizdə onu inandıra bildik ki, Lənkəranda minlərlə insan komandanı qarşılamaq istəyir. Məhz bundan sonra Rednik futbolçularla söhbət edib,komandanın Lənkərana gedəcəyi haqqında qərarını  rəhbərliyə bildirdi. Təbii ki, klub rəhbərliyindən də bizə məlumat verildi, lakin biz artıq bundan xəbərdar idik. Beləcə həmin gecəni (25-26 may)səhərə qədər durmadan çalışan 12cioyuncu.info saytı ertəsi gün  26-may 2011-ci il tarixində Lənkəran şəhərinin girəcəyində yerləşən (Göyşaban dairəsində) “Samovar” heykəlinin qarşınısa 10.000-dən çox azarkeşi toplaya bildi.

İlk dəfə biz fan klubları bir araya gətirdik.

2011-ci ilin yayında klub strategiyasını dəyişərək komandada  yalnız yerli gənclərə yer verəcəyini elan etdikdə “12-ci oyunçu” azarkeşlərin əzəmətli “Xəzər Lənkəran” görmək arzusu naminə əsl mücadiləyəbaşladı. Həmin ərəfədə 12cioyuncu.info saytı ölkənin bütün elektorn informasiya vasitələrinin oxucular tərəfindən gündəlik izlənmə rekordlarını yeniləyirdi. Saytımız vasitəsi ilə biz “Xəzər Lənkəran”ın ətrafında və klub daxilində baş verənlərdən azarkeşləri xəbərdar edir və üstəlik futbolsevərlərin kluba təsir qüvvəsini artıra bilirdik. Bu məsələnin müzakirəsi üçün “12-ci oyunçu” azarkeş qrupu olaraq  2011-ci il avqust ayının 14-də Bakıda “Xəzər Lənkəran”ın fan klublarının ilk dəfə bir araya gələrək klub rəhbərliyinə müraciət ünvanlamasına nail olduq.

“12-ci oyunçu” sadə azarkeşləri müdafiə etdi.

Lakin bir neçə ay sonra “Xəzər Lənkəran” klubu və komanda daxilində baş verən bəzi anomal hadisələr sonrası Rumıniyalı baş məşqçi Mirça Rednik istefaya göndərildi. 2011-ci il dekabrın 4-də “Xəzər Lənkəran“ ”Fırtınalar meydanı”nda Bakının “İnter” klubuna məğlub olduqdan sonra klub rəhbərliyinin müxtəlif bəhanələrinə cavab olaraq Rednik istefa verməli olmuşdu. Onu da əlavə edək ki, komanda öz yerində məğlub olsa da azarkeşlər tərəfindən “istefa” şüarı səslənməmişdi. Əslində bu anomal hadisələr hələ yayda elan olunan strategiya dəyişilməsinin davamı idi və çirkin planda komandanın bir neçə futbolçusunun iştirakını da görüncə hadisələrə düzgün qiymət verərək, həmçinin çoxminli azarkeş ordusunun istəklərinə uyğun olaraq klub rəhbərliyini n addımlarını tənqid atəşinə tutduq. Klubun təklif etdiyi bütün görüşlərdən imtina etdik.

“12-ci oyunçu”ya qarşı təzyiqlər.

Ardıyca Lənkəranlı ziyalıların klubun sahibinə müraciət edə biləcəkləri barəsində informasiyanı saytımız vasitəsi ilə əldə edərək təlatümə düşən klub rəhbərliyi “12-ci oyunçu”ya təzyiqlərə başlasa da biz mövqeyimizdə qaldıq. Daim sevdiyimiz və sevdiyimizə görə də ömrümüzün bir hissəsini qurban verdiyimiz “Xəzər Lənkəran”  klubu, daha doğrusu rəhbərliyi müxtəlif vasitələrlə bizə qarşı yönələn təzyiqlərin həcmini artırdı. Saytımızın serverinin yerləşdiyi obyektə hücum olundu, saytımızla əməkdaşlıq edən komputer mərkəzinin rəhbəri qəribə və əcaib formada  həbs edildi, saytın serverində texniki problemlər yaradıldı. Bütün bunlar azmış kimi illərlə kub rəhbərliyinə yaxın olmaq arzusunda olanların da bizə hücuma başladı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yalnız özlərini düşünən bəzi güya fəal azarkeşlər klub rəhbərliyinə xoş görünmək üçün “12-ci oyunçu”nu düşmən kimi tanıtdırmağa çalışdılar. Halbuki bizim  2005-ci ilin may ayından bu yana etdiklərimizlə müqayisəyə gələcək onların bircə dənə də yaxşı əməlləri belə yoxdur. Biz fədailik etdiyimiz bu qədər vaxtda bəziləri kimi nə klubda çalışmaq nə də vəzifə davasında olmadıq.  Biz sevginin nələrə qadir olduğunu göstərdik, biz nə etdiksə mənəvi maraqlarımızla bağlı  istəyimizdən etdik,çünki “12-ci oyunçu”- azad düşüncənin məhsuludur.

Onun böyük ürəyi…

 Saytımızda xəbər və məlumatların yerləşdirilməsində Fariz İsayevin və statistik məlumatların hazırlanmasında Nəbioğlunun əməyinin əvəzsiz olduğunu qeyd etməmək olmur. Eyni zamanda adları çəkilən İsayev və Nəbioğlu istər fan klub isərsə də azarkeş qrupunun fəaliyyətində çalışqanlıqları ilə daim seçilmişlər. Məhz bu iki nəfər “12-ci oyunçu”nun həyata keçirdiyi bütün layihələrin iştirakçıları olmuşlar. Sadə bir azarkeş olan Fariz İsayev komanda daxilindən ən operativ məlumatların sayt vasitəsi ilə azarkeşlərə çatdırılmasında ölkənin idman mətbuatında çalışan bir çox  jurnalistlərdən bacarıqlı olduğunu göstərə bilmişdir. Bu arada texniki işlərinin görülməsində saytımıza təmənnasız yardım edən texniki inzibatçı Natiq Əsədovun da böyük zəhmətinin olmasını da bildirməliyik. Bu illər ərzində “12-ci oyunçu” ilə çiyin-çiyinə fəal azarkeşlər olan Ramiz Xamıyev və Vaqif Rəşidovun gördükləri  böyük işləri də qeyd etmək lazımdır.  Ramiz Xamıyev bir çox layihələrimizin xərclərini və müxtəlif vaxtlarda 12cioyunçu.info saytının fəaliyyətinin maddi çətinliklərinin həllini öz üzərinə götürməklə yanaşı həm də daim “12-ci oyunçu”ya mənəvi dəstəyi ilə diqqət çəkmişdir. Əsas məsələ isə odur ki, məhz Ramiz Xamıyev “12-ci oyunçu”nun fəaliyyəinin ideya xəttini müəyyənləşdirən və azarkeş sayını istiqamətləndirən şəxsdir. Vaqif Rəşidov isə cənubda azarkeşlər arasında keçirilən ən böyük həvəskar futzal turnirlərinin ideya müəllifi və təşkilatçısı olmuşdur. Məhz belə turnirlərdən birincisi olan (“12-ci oyunçu”nun çempionatı) “Payız Əfsanəsi” futzal yarışmasının keçirilməsində də Rəşidova  təşkilati işlərdə “12-ci oyunçu” dəstək ola bilmişdi.Vaqif bəy dəfələrlə saytımız üçün materiallar hazırlamış, müxtəlif vaxtlarda isə maddi və mənəvi dəstəyini də əsirgməmişdir. Azarkeş qrupunun ilhamvericisi olan Lənkəranlı şair Tərlan Əbilovun da adını çəkməmək ən azından insafsızlıq olardı.  Ümumiyyətlə 2009-cu ildən bəri “Xəzər Lənkəran”ın fan klublara daxil olmayan azarkeşlərini təmsil edən “12-ci oyunçu” azarkeş qrupu layihələrin bir çoxunu azarkeşlərin istəyi və təklifləri əsasında , həmçinin onların bir başa dəstəyi ilə həyata keçirmişdir. 2011-ci ilin sentyabrında serverə olan borcuna görə fəaliyyəti dayandırılan 12cioyuncu.info saytına da azarkeşlər maddi dəstək olaraq yenidən onu yaşatdılar. Eyni zamanda saytda reklam bannerlərini yerləşdirərək maddi dəstəyini əsirgəməyən şirkətlərin reklam vermək təklifini edən əməkdaşlarının da “Xəzər Lənkəran” azarkeşlər olduğunu diqqətə çatdırmaq istəyirik. Beləki, saytımızda reklam verən şirkətlərin əməkdaşlarının məhz saytımızı yaşatmaq üçün belə bir təkliflə çıxış etmələri sonradan bizə məlum oldu ki, buna görə də onlara təşəkkür edirik.

Dostla düşməni səhv salanlar…

Klub rəhbərliyinin zaman zaman “12-ci oyunçu”ya əcaib və müəmma dolu münasibəti və camiənin xeyrinə olan müxtəlif layihə təkliflərimizə təkəbbürlə yanaşılması və bunlardan imtina edilməsi təəssüf hissi doğurur. Nə qədər qəribə də olsa 2011-ciilin dekabr ayının 20-də Lənkəranda ziyalı azarkeşlərlə görüş zamanı klub rəhbərliyi  “12-ci oyunçu”ların stadiona girişinə qadağan qoyulması barədə qərarını bəyan etmişdi. Düzdür,  keçən illər ərzində klub tərəfi bunu rəsmi qaydada bildirməyib, lakin istənilən halda bu üzücü məqamdır.

“12-ci oyunçu”azarkeş qrupunun fan klublardan fərqi.

 “Xəzər Lənkəran” ailəsinə qarşı haqsızlıq edilən zaman ən operativ reaksiyanı  “12-ci oyunçu”lar verir. Mətbuatda cənub təmsilçisinin azarkeşləri  haqqında xoşa gəlməz yazılara rast gəlinən zaman biz sinəmizi qabağa veririk, biz bir qrup insanın, az sayda fanatın, həmçinin xüsusi seçilmiş qrup şəklində olan azarkeşlərin  deyil, “Xəzər Lənkəran”ın ümumi azarkeş kütləsinin mənafeyini qorumağa çalışırıq. “12-ci oyunçu” azarkeş qrupunun fan klublardan əsas fərqləndirən cəhət də elə budur ki, biz on minlərlə sadə azarkeşi təmsil edirik. Ölkədə özünə alternativ tanımayan bir sayt açıb azarkeşlərin istifadəsinə vermişik. Ötən müddətdə çox saytlar açılıb bizimlə rəqabətə girmək istəsə də ömrü qısa oldu hamısının. Yalnız 12cioyuncu.info azarkeş saytı hələ də yaşayır.

Azərbaycanın yeganə azarkeş saytının tarixçəsi…

Biz bu illər ərzində çoxlu təzyiqlərə məruz qalsaq da, müxtəlif çətinliklərə sinə gərməyə çalışdıq və bacardıq. Fan klubun yarandığı gündən düz bir il sonra 22- fevral 2009-cu il tarixində fan klumuzun internet saytını açdıq (12cioyuncu.moy.su saytı yaradan Anar Məmmədli). Bu illər ərzində saytımızı fəallaşdıraraq hər il ardıcıl olaraq ilin azarkeş saytı adının qazanılmasına nail olduq. 2009-ci ildən bəri saytımız iki dəfə yeni dizayn və müxtəlif sistemlərdə dəyişildi. Hazırda müasir bir dizayn və müxtəlif texniki imkanlara malik sayt olaraq 12cioyuncu.info çalışır və 2.249.000-dən çox İP ünvandan olmaqla  bütün dünyadan izlənilir. Saytımızda futbolsevərlər sərbəst şəkildə fikir mübadiləsi apara bilirlər.

Bu illər ərzində “Xəzər Lənkəran”ın  doğma şəhərdə keçirdiyi bütün məşqlərini fotoreportajlarla və məşqlərdə baş verən ən maraqlı məqamları xüsusi məlumatlarla saytımızda işıqlandırdıq. Bu sayt vasitəsi ilə sadə azarkeşlərin istəklərini ölkənin futbol ictimaiyyətinə çatdırdıq.

“12-ci oyunçu” 

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 + yeddi =