1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xlAdətən bu sərlöhvə altında qəzetimizin xarici futboldan bəhs edən səhifəsində yazılar olur.

Öz ölkəsinin çempionatında hamını təəccübləndirməyi bacaran, sürpriz şəkildə adından söz etdirən hansısa komanda “Futbol+” oxucusuna tanıtdırılır. Amma bu dəfə durum fərqlidi. Mən sizi ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən hansısa futbol klubu ilə tanış etmək fikrində deyiləm. Diqqətləri üzərinə cəmləmək istədiyim klub Bakıdan cəmisi 272 kilometr məsafədə məskunlaşıb. Söhbətin “Xəzər Lənkəran”dan getdiyini yəqin anladınız. “Ağ-yaşıllar” yaranışının elə ilk ilindən Azərbaycan futbolunda gündəm yaratmağı bacarmışdılar. Bir zamanlar “Qafqaz “Çelsi”si” adını belə bu komandaya yaraşdırmışdıq. Türkiyə superliqasında boy göstərməyi bacaranlar, qardaş ölkənin millisinin formasını geyinmiş məşhurlar Azərbaycana məhz Lənkəran klubunda oynamaq üçün gəlirdilər. Sonradan “Xəzər Lənkəran”ın legioner seçimin coğrafiyası daha da genişləndi. Mübariz Mənsimovun pulları daha kimləri ölkəmizin cənubuna gətirməmişdi ki? Artıq Afrikadan tutmuş Şimali Amerikaya qədər böyük bir ərazidə “Xəzər Lənkəran”ın sorağı eşidilir, ən ekzotik ölkələrin tanınmış futbolçuları “ağ-yaşıl” formanı geyməyə can atırdılar. Rumıniyalı Mirça Rednikin sayəsində “gəmiçilər” daha da məşhurlaşdı. Bu məşhurluğun fonunda Lənkəran təmsilçisinin gücləndiyi, Azərbaycan Premyer Liqasına yeni mübarizə ab-havası gətirdiyi hər birimizin gözünün önündədi. Məhz həmin il baş verənlər hadisələrin kuliminasiya nöqtəsiydi. Xərclədiyi fantastik pulların qarşılığında komandasının qazandığı uğurlara, avrokuboklarda mərhələ adlamağa sevinə bilməyən Mübariz Mənsimov bir vaxtlar həyatının bir parçasına çevrilən “ağ-yaşıl” rənglərdən soyumağa başladı. Mustafa Dənizliylə Oğuz Çətinin hay-küylü gəlişi və səssiz gedişi ilə isə böyük bir eranın sonuna gəlindi. Daha kluba əvvəlki kimi böyük pullar ayrılmadı, tanınmış mütəxəssislər, əcnəbi futbolçular Lənkəranın yolunu unutdu. “Xəzər Lənkəran” Mübariz Mənsimov tərəfindən unudulduqca Premyer Liqanın turnir cədvəlinin də aşağılarına doğru sürüşməyə, iddialı klub statusunu itirməyə başladı. FİFA tərəfindən kəsilən cərimələr, “pulumuz verin” deyib haray çəkən legionerlər də digər yandan “gəmiçiləri” amansız dalğaların cənginə, sərt qayaların arasına atdı. Mənsimovun İstanbuldakı şirkətindən pul gəlməyincə “Xəzər Lənkəran” adlı gəmi problemlər dənizində təkbaşına qaldı. Yunis Hüseynovun qəzalı “gəminin kapitanı” olmaqdan imtina edəndə çoxları “Xəzər Lənkəran”ın dağılacağını düşünürdü. Məhz bu gün Elbrus Məmmədovun cəsarətinə “əhsən” demək zamanıdı. 44 yaşlı çalışdırıcı çoxlarına çılğınlıq, özünü oda atmaq kimi görünən işdən çəkilmədi. 16-17 yaşlı yeniyetmələrdən qurulmuş komandayla da rəqiblərə badalaq vurmağın, “Xəzər Lənkəran”ın yaşadığını nümayiş etdirməyin mümkünlüyünü isbatladı. Ötən günlərə qayıdıb xəyal qurmağın, əvvəlki qədər maddi dəstək olsaydı, bu kollektivin nələri bacaracağını təxmin etməyin əleyhinəyəm. Dünən dünəndə qaldı, artıq bu günlə yanaşmaq, sabahın sağlam təməllərini düzgün qurmaq lazımdı. Məhz bu səbəbdən “bu kluba diqqət” çağırışını edirəm. Azarkeşləri gənc futbolçuları dəstəksiz qoymamağa, “Fırtınalar meydanı”nı əvvəlki illərdə olduğu kimi doldurmağa, səfər oyunlarında belə komandanın yanında olmağa səsləyirəm. Əlində möhkəm qələm tutan həmkarlarımı “gəmiçilər” haqqında daha çox yazmağa, gənc futbolçuların sabaha ümidlər baxmasına yardımçı olmağa, cənublu azarkeşlərin “Xəzər Lənkəran”a inanmasına çalışmağa çağırıram. Ən əsası isə böyük məsuliyyətlə üz-üzə olan klub rəhbərliyinin davranışlarıdı. Lütfən, bu gənclərə, bu komandaya daha çox diqqət göstərin, cənablar. “Xəzər Lənkəran”ın indi həmin diqqətə daha çox ehtiyacı var. Həm də təkcə “Xəzər Lənkəran”ın deyil, bütün Azərbaycan futbolçunun. “Qəbələ”ylə qolsuz bərabərlik, “Neftçi” üzərindəki qələbə bu komandanın potensialının aydın görünən hissəsidi. Daha böyük uğurlar isə aysberqin görünməyən tərəfindədi. Komandaya göstərilən dəstəyi artırmaqla, maddi vəziyyəti nisbətən sabitləşdirməklə, futbolçular zəhmətlərinin qarşılıqlarını zamanında ödəməklə adınızı tarixə yaza bilərsiz. Buna inanın. Elbrus Məmmədovu və onun güvəndiyi gəncləri döyüş meydanında tək qoymayın.

P.S. Bu pozitiv yazımı “Neftçi” haqda qeydlərimlə “bəzəmək” istəmirəm. Sonuncu “Böyük oyun”u Əsgər Abdullayev və “ağ-qara” formaya layiq olmayan futbolçular uduzmadılar. Bu qələbəni Elbrus Məmmədovla gənc futbolçular alın tərləriylə qazandılar, dişləriylə-dırnaqlarıyla!

AMAL

MƏNBƏ:  “FUTBOL +” qəzeti 

4 Şərh

  1. Azərbaycanlı says:

    XL-nın bu günkü heyətinin bir hissəsi son iki mövsümdə meydana atılan gənclərdən ələndikcə ortaya gəlib, həmin gənclərin hər birinin biz azarkeşlərdən “Sağ ol!” payı vardır. O ki, qaldı ələndikcə bir çoxlarının heyətdən kənara qalmasına, bu idmanın təbii seleksiyasıdır. Seleksiya demişkən, klubda hazırda uzaq çevrədə seleksiya işi ilə müntəzəm və istiqamətli məşğul olan bir nəfər görünmür. Heyətə knardan cəlb olunan uşaqlar məncə daha çox Elbrus Məmmədovun təşəbbüsüdür ki, bu da onun məşqçi qədər seleksioner olduğunun da təsdiqidir. Komandaya sponsor və tərəfdar dəstəyi çağırışına məmnuniyyətlə qoşuluram. Axı bu komanda 2004-cü ildə yeni nəfəs aldığı gündən indiyədək hansı durumda olmasına baxmayaraq badalaq vuranların diqqətindən bir an belə düşməmiş və düşməz də. Bu da mövcud bir gerçəklikdir ki, komandanı sevməyənləri qıcıqlandıran başlıca katalizatorlardan biri XL Azarkeşinin böyüklüyü olmuşdur, deməli hər birimiz olmuşuq. Ona görə də komandanın büdrəməsinə sevinənlərdən diqqət azalmadığı halda XLsevərlərin diqqətinin azalması ən azı doğma komandaya xəyanətdir. LƏNKƏRAN PƏLƏNGLƏRİ, AĞ-YAŞILDIR RƏNGLƏRİ. FIRTINALAR MEYDANI, GÖZLƏ QALİB CƏNGLƏRİ!!!

  2. Elburus Məmmədovu Lənkaran kulubundan qovmaq istəyənlər susublar deyəsən…

  3. Axşamınız xeyir,çox təsirverici bir yazıdır,yazan əllər var olsun,lap adamdan tüstü çıxardır!!!
    ***
    Salam. Bəli çox uğurlu alınıb. Yerli yerində yazılıb.

  4. ..çox kövrəlmişəm…bu qələbə böyük arzularımdan idi…inşaAllah etapı adlayan tərəf biz olarıq!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 6 =