10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

adamİstanbulda yaşayan 34 yaşlı Ərdəm Gündüz bir andaca dünyaya məşhurlaşdı.

Bütün dünyanın diqqəti “Gəzi parkı”nın müdafiəsi üçün keçirilən mitinqlərə cəlb olunduğu günlərdə Gündüz də adından söz etdirməyi bacardı. Taksim meydanında asılan böyük Atatürk posterinin və Türkiyə bayrağının qarşısında saatlarla hərəkətsiz dayanan Ərdəm bəyin qətiyyətli duruşu tez bir zamanda bütün dünya mətbuatının manşetinə, xəbər başlığına çevrilmişdi. Onun bu qətiyyəti qarşısında aqressiv davranışlarıyla ad çıxaran Türkiyə polisi də təslim olmuş, səssiz etiraza müdaxilə etməyi lazım bilməmişdi. Duran adam ləqəbiylə tanınan Gündüz bu səssiz aksiyasıyla Atatürkə və türk bayrağını sayqı göstərməyin vacibliyini sosial mesaj olaraq bütün cəmiyyətə, eləcə də əks düşüncədə olan siyasətçilərə ötürməyi bacarmışdı. Hər kəs bu cəsarət sahibinə ürəkdən “əhsən” dedi.

Azərbaycan futbolunun da öz “duran adam”ı var. Amma sözün bütün mənalarından dırnaq arasında. Bu adam istədiyi vaxt qaraya ağ, ağa qara deyə bilir. Söhbətin Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovdan getdiyini anladınız. Klublar, azarkeşlər, idman mətbuatı Azərbaycan futbolunda baş verən haqsızlıqlara, hakimlərin oyunların nəticələrinə təsir edən səhvlərinə, yerli hakimlər arasında elitanın tələblərinə cavab verməyən yetərincə fit sahibinin olmasına üsyan edir. Təkcə o, kefini pozmur, baş verənlərə etinasız münasibət göstərir, durduğu yerdə tərpənməz durur. İstəyəndə danışır, özünə sərf eləyən izahatlar verir. İstəməsə heç telefonlara yaxın gəlmir, qulaqlarını və ağzını qapayıb oturur. Fariz Yusifovun “Qarabağ” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində “ağ-qaralar”ın qapısına təyin etdiyi penalti qaydalara daha çox uyğun gəlirdi, nəinki Ramil Diniyevin “Xəzər Lənkəran”ın qətlinə fərman verdiyi epizod. Həmin vaxt Ağdam təmsilçisinin futbolçusu üzü “Neftçi”nin qapısına doğru hərəkət edirdi, meydan sahibləri epizodun davamında qol vurmaq şansı qazana bilərdilər. Heç kimin gözləmədiyi halda Xəqani bəy sükutu pozdu, “Yusifov səhv edib, cəzalanacaq” dedi. Kimin gözünə xoş gəlməyə çalışırdı? Olmaya, “Neftçi”nin detektiv yazar rəhbərindən, gizli “xaç atası” Elxan Məmmədovdan qorxmuşdu? “Bayıl Arena”dakı məlum epizodda isə qol təhlükəsi yox idi, qonaqlar rəqibin həmləsini zamanında qarşılamışdılar. Top da cərimə meydançasını tərk etmək üzrəydi. Deməli, təhlükə sovuşacaq, “sarı-qırmızılar” növbəti həmlənin hazırlığına başlayacaqdılar. Bir andaca Diniyevin fövqaladə hakimlik dühası, fitri istedadı işə düşdü, heç kimin görə bilmədiyi dirsək zərbəsini yalnız o gördü. 
Xəqani Məmmədov illərdi Tuyqun Nadirovdan, “Xəzər Lənkəran” azarkeşlərindən yığdığı kin-küdurəti püskürmək üçün fürsət qazandı. Köhnə kişilər “yıxılana balta vurmazlar” deyiblər. Amma cənab Məmmədov yıxılmış “Xəzər Lənkəran”ın kürəyinin ortasına Ramil Diniyevin əliylə elə bir balta vurdu ki, zərbənin əks-sədası xarici ölkələrin mətbuatına qədər gedib çıxdı. Buyursunlar, AFFA-nın binasında Əliyar Ağayevə qurulmuş “dar ağacı”nı yenidən səhnələşdirsinlər, hakimlərin iclası jurnalistlərin iştirakıyla keçirilsin. Sübut etsinlər ki, Diniyev penaltini özündən uydurmayıb.
Keçirməyəcəklər, çünki bu dəfə qurbanlar da, hakim də fərqlidi. “Duran adam” da yerində duracaq, yıxılanların kürəyinə balta saplamaq üçün fürsət gözləyəcək.

Amal Abuşov

MƏNBƏ: Rekord.az

Bir şərh

  1. ADMIN BEY MUBARIZ BEYDEN NE XEBER
    ***
    Xəbərlər çoxdur, özü də o qədər çoxdur ki, gərək bir neçə yazıda təqdim oluna. Amma bu xəbərlərin heç biri nə ümumilikdə futbolla nə də konkret olaraq “Xəzər Lənkəran”la bağlı olmadığından heç bir dənə də yazı hazırlamıram. Yeri gəlmişkən Mübariz Mənsimovla bağlı xəbərlərin hamısını mən internetdən əldə edirəm. Yəni bunu siz də edə bilərsiniz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 4 = on