8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

futbolcu yetishmir Hamının düşündüyü, heç kəsin demədiyi… II hissə.

Xatırladım ki, bundan əvvəlki yazımda Azərbaycanda futbolun inkişafı yolunda dövlət tərəfinin gördüyü işlər barədə qeydlərimi bölüşmüşdüm. İndi isə, gəlin araşdıraq görək futbolun inkişafı haqqında olan 10-illik dövlət proqramına uyğunlaşdırılaraq xərclənən yüz milyonlar müqabilində necə oldu ki, ölkədə bir neçə ortabab futbolçu belə yetişmədi? Axı futbol qurumları bir yana bəs klubların özlərinin ətəklə xərclədiyi pullar hesabına tikilən bazalar, yaradılan hər cür şəraitlər, adlı sanlı Avropa klublarındakı kurslar, nəhayət gənc futbolçuların yüksək maaşları və s.-nin müqabilində ötən illər ərzində müəyyən sayda normal futbolçu ərsəyə gəlməli idi. Bəs nə oldu?

Bu sualın cavabı kənarda deyil cəmiyyətin özündə, onun düşüncə və yaşam tərzində gizlənir. Gəlin birlikdə həmin cavabı tapıb üzə çıxaraq.

Əvvəlcə gərək səviyyəli futbolçuların yetişə bilməməsinin səbəblərini anlayaq. Məsələn Rəşad Sadıqov kimi uzun müddət formasını qoruya bilən, idmana peşəkarcasına yanaşan futbolçuların yetişməməsinin qaynağını müəyyənləşdirmək, ölkədə futbola münasibətin necə və nədən dəyişdiyini təyin etmək lazımdır.

Futbolumuzda Rauf Əliyev və Əfran İsmayılov sayaq parıldamamış sönən fiqurlar çoxdur. Elə indi yetişən, aldadıcı olaraq istedadlı görüntüsü yaradan və güya gələcəyi ümidlər vəd edən əksər gənc futbolçular Raufdan, Əfrandan o yana olmayacaqlar. Etiraf etmək lazımdır ki, son zamanlar futbola xərclənən külli miqdarda maliyyənin müqabilində Samir Əliyev və Zaur Ramazanov kimi hücumçular, Mahmud Qurbanov kimi orta sahənin professorları, Emin Quliyev və yuxarıda adı çəkilən Rəşad Sadıqov kimi “stena” müdafiəçilər, özündən söz etdirə bilən Kamran Ağayev kimi qapıçılar yetişmədi. NİYƏ?

Uzağa getməyək və elə götürək “Xəzər Lənkəran”ın akademiyasını. 2004/05 mövsümündən başlayaraq cənubda “övlad vasitəsi ilə pul qazanmaq qızdırması” yayılmışdı. Xeyli sayda insan uşağını zorla, tanışlıqla, hörmətə və s. yollarla klubun aşağı yaş qruplarına soxuşdurmaq yolunu tuturdu. Bu yaxınlara qədər uşağını “Xəzər Lənkəran” akademiyasına verərək gələcəkdə pul qazanan futbolçu kimi yetişəcəyinə ümid edib özü və ailəsi üçün xoş həyat planlarını cızanlar çox olub. Belələri arasında öz ideyaları yolunda əvvəlcə müəyyən xərclər çəkməkdən vaz keçməyənlər də tapılırdı. Tərslikdən “Xəzər Lənkəran” akademiyasına rəhbərlik edən məşqçilər də tez-tez dəyişirdi, bu isə həmin akademiyada çalışan bəzi rəhbər məşqçiləri restoranlarda qonaq edən valideynləri var-yoxdan çıxarırdı. Klubun aşağı yaş qruplarında çalışan müəllim-məşqçilər valideynlərin əlindən bezirdilər. Valideyn – məşqçi, məşqçi – uşaq münasibətlərində ab-hava tamamilə korlanmışdı. Bəzi valideynlər arasında əməlli başlı rəqabət yaranır və bu zaman ən çirkin yollara belə əl atılırdı. Müxtəlif yollarla uşağının məşqçisini dilə tutub əldə saxlamağa çalışır, bu alınmadıqda isə klub rəhbərliyinin gözündə xoş görünmək üçün azarkeşlər arasında rəhbərliyin xəbərçisi olmaq təklifini özləri irəli sürürdülər ki, təki istedadsız, bacarıqsız uşaqları akademiyadan qovulmasın (bununla bağlı bəzi sübutları ortaya çıxarsam inanın ki, bəzi gənc futbolçuların valideynləri rüsvayçılıqdan qurtula bilməzlər). Bütün bu baş verənlərin arxasında maddiyyata hərislik dayanırdı. Çünki istər uşaqları, istərsə də onların valideynlərini yalnız gələcəkdə klubla bağlanacaq müqavilənin maddi tərəfləri maraqlandırırdı.

 Məgər bu problem yalnız “Xəzər Lənkəran”da mövcuddur? əlbəttə ki, yox; bütün ölkə futbolu bu gündədir. Müqayisə üçün gənc futbolçu yetişdirməkdə ən çox imkanlara malik olan “Neftçi” klubuna baxaq. Özünün aşağı yaş qrupları olan üstəlik  paytaxtın az qala bütün idman məktəblərindəki istedadları qapazlamaq ixtiyarını özündə saxlayan, “Neftçi” İSM-i(“Neftçi” İdman Sağlamlıq Mərkəzi) özünə baza edən “Neftçi” klubu son illərdə normal bir futbolçu ortaya çıxara bilmir. Əgər son illərin ən səviyyəlisi Araz Abdullayev idisə ki, onun da insaniyyətliyi avtoqəza sonrası göründü, futbolçu karyerası isə ondan öncə orta-ağır vəziyyətdə sönmüşdü. “Neftçi”nin yetişdirdiyi ikinci “ulduz” Ruslan Abışov idi ki, o da bir klipə çəkilməklə futbolçu kimi əriyib öz karyerasını ədabazlığa qurban verdi. Futbolu sadəcə vasitə edənlər müəyyən qısa zaman kəsiyində idmançı kimi sönmək təhlükəsi ilə yaxud ən yaxşı halda karyeranın sona çatması ilə üz-üzə qalırlar. Çünki bunun kökündə futbola yanaşmanın peşəkarlıqdan uzaq olması dayanır.  

Qayıdaq yenə bizi daha çox maraqlandıran “Xəzər Lənkəran” akademiyasına. Yadımdadır bir zamanlar klubun aşağı yaş qruplarına rəhbərlik edən və gecə gündüz çalışan Yuri Panfilov dəfələrlə valideylərdən şikayət edir və ölkəmizdən baş götürüb qaçacağını deyirdi. Akademiya əldən ələ keçirdi, daha kimlər işləmədi ki, burada. Hollandıyadan da mütəxəssis gətirildi, amma çi fayda! Mənsimovun pulları boşuna xərclənməkdə davam edirdi… Akademiyada top qovan uşaqlar futbolun sirrlərini deyil həyatın bicliklərini öyrənirdilər. Valideynlərin əksəriyyəti məşqçilərin işinə müdaxilə edirdilər, hərə öz uşağını süni surətdə irəli çəkməyə çalışırdı. Elə hallar baş verirdi ki, bəzən aşağı yaş qruplarında komandaların heyətləri uşaqların bacarıqlarına görə deyil, tanışlıq və tapşırıqlara uyğun qurulurdu. Mənsimovun müdaxiləsi ilə bir neçə dəfə belə halların qarşısı sərt addımlarla alınsa da cəmiyyətdə kök salmış xəstəliklər artıq akademiyaya elə sirayət etmişdi ki, bunun müalicəsi mümkünsüzləşdmişdi. İllər keçdi həmin qaydada yetişən nəsil “Xəzər Lənkəran”ın əvəzedici heyətinə doluşdu. Klubla ilk böyük məbləğdə müqavilələr imzalandı və başladı…

Siqaret və qəlyan çəkişmələri bir yana, 16, 17, 18, 19 və 20- yaşlı bu gənc futbolçular biri biriləri ilə xüsusi məşuqələr saxlamaqda, arvadbazlıqda rəqabətə başladılar. Getdikcə fiziki gücünü itirən, futbolçu və idmançı adına tüfeyli həyat sürən bu gənclərin əməlləri haqqında ətraflı vaxtı ilə elə bu saytda dərc olunmuş “Nə qədər gec deyil…” başlıqlı yazıdan oxumaq olar. (BURADAN İZLƏ)  Gənc futbolçuların pozğunluğunun həddi yox idi. Bu biabırçılığı Lənkəranda çoxları bilirdi və artıq azarkeşlər gənc futbolçulardan əllərini üzürdülər. Yaxşı pul qazanan gənc futbolçular azğınlıqdan nə etdiklərini dərk etmir və dayanmaq istəmirdilər. Həmin gənclərin valideynləri də övladlarına nəyisə anlatmağa gücsüz idilər. Çünki vaxtı ilə özləri bu uşaqları futbola gətirəndə yolunu düzgün göstərməmiş, karyeranın təməlini düzgün qoymamışdılar. Bəli əsl günahkarlar belə valideynlər idi. İndi də “Xəzər Lənkəran”ın əsas heyətində həmin gənc futbolçuları görmək olur. Belə olan halda hansı nəticədən danışmaq olar ki…

Biz müəyyənləşdirdik ki, uşaqlarının əlindən tutub klubun aşağı yaş qruplarına gətirən atalar “niyyətləri hara mənzilləri də ora” oldular, digər tərəfdən həmin valideynlərin ucbatından futbolçu yox çoban oyunçuların nəsli yetişdi. Indiki faciənin baş verə biləcəyini hələ 4-il əvvəl yenə bu saytda “Klubun aşağı yaş qrupları tam heyətlə buraxılaraq yenidən yığılsın !” başlılı yazı vasitəsi ilə ortaya çıxaranlar olmuşdu.  (BURADAN İZLƏ) 

 Bu nəsil üçün futbol vasitədir, ancaq pul qazanmaq üçün vasitə. Futbola bağlılıq maddiyyatla olanda bundan artığını gözləmək yəqin ki, sadəlövhlük olardı. İndi o valideynləri sorğuya çəkmək də olmur. Futbolçu yetişməməsinə görə heç bir kimsənin qarşısında məsuliyyət daşımayan, “Xəzər Lənkəran”a yağlı tikə kimi baxan belə valideynlərə nə deyə bilərik? Heç nə! Əksinə bir az da bozarıb günahı başqa başqa yerlərdə axtarmağa çalışarlar, bizim hamımızı əli borclu çıxararlar, hələ məni də bütün bunları yazdığım üçün utanmaz utanmaz qınayarlar…

Aşkar görünür ki, Azərbaycanda yetişən son nəsil peşəkar futbolçular elə peroşki yeyərək ərsəyə gəlmişdilər. Son 10-il ərzində xərclənən külli miqdarda pullar göyə sovruldu, nəticəsizliyi də göz önündədir…

ARDI VAR

“Daz Matros”

7 Şərh

  1. Salam Daz Matrosun yazdiglarini demek olar ki, hamimiz bilirdik sadece demeye ve yazmaga curet etmirdik.Bilirdik ki, rusvetin tugyan etdiyi bir memleketde futbolumuz bundan yan kece bilmez. Muellifin yazdiglarinda ise medeni dilde bildirilir ki, XL Da asagi yas gruplarindan tutmus yuxariya geder butun meseleler xahisle, hormet etmekle ve s yollarla heyata kecirilib. Usaglarini futbol mekteblerine goyan valideynler usaglarini esil futbolcu kimi gormek deyil,, ancag pul masini kimi gormek arzusunda olublar.Muellif geyd edir ki, asagi yas gruplarinda ele hallar bas verirdi ki, bezen asagi yas gruplarinda komandanin heyyetleri bacariglarina gore yox tanislig ve tapsiriglarina gore gurulurdu. Butun bu proseslerin arxasinda rusvet olmayibmi? Men bir defe reylerimin birinde yazanda ki, XL nin asagi yas gruplarinda meseleler rusvetle hellini tapir onda birinci Admin mudaxile etdi ki, bele sey ola bilmez. Amma indi Daz Matrosun yazdiglari butun men dediklerimi tesdigleyir.Ne geder rusvet varsa ne futbol olar nede futbolcu.

  2. Son cümlə tamamilə reallığı əks etdirir, klubun adı, onu himayə edən dünya şöhrətli şirkətin nüfuzu, bizim eyforiyaya qapılmağımıza səbəb oldu. Düşüncə tərzimiz, futbol anlayışımız yalnız və yalnız şəxsi maddiyat üzərində qurulub. Yarandığı 10 il ərzində rəhbərlikdə və inzibati işlərdə çalışanlar klubun mənafeyindən daha çox şəxsi mənafeləri üçün bütün imkanlardan istifadə etdilər, klubun nəzdnindəki aşağı yaş qruplarındakı uşaqlardan layiqli futbolçular yetişmirsə, buna səbəb XL-nı özlərinə peşəkar futbol klubu kimi yox, yalnız qazanc yeri kimi qəbul edən insanlardır.

  3. Salam Alleykum!
    Klubun futbol mektebinin bu veziyyetde oldugundan xeberim yox idi. Demeli Azerbaycanda olan xeste dushunce klubun mektebinede siraet edib. Ne qeder Azerbaycanli dushuncesi deyishmeyib, inkishaf olmayacaq.
    Atanin ushagin qaygisina qalmasi, onun inkishafi ucun calihsmasi yaxshi haldir, amma valideyn de bilmelidir ki, ovladini istedadina uygun istiqamete yoneltmelidir. Onda ushaq oz bacarigi ile ireli geder.

  4. Tənqidçi says:

    Yaz qardaş,yenə “Xl”-dan yaz.Eşitmək istədiklərimdən yaz. Klubda səhf idarəçiliyi və bəzən də gənc futbolçularin səhflərini dediklərimiz uçun ustumuzə qalxan “ata menecer”lərimiz yaz ki ,bir daha oxuyub və ibrət aisinlar.Məqsədləri pul idi və yetirdi “XL”!-Ondan o yana yox idi ki…..niyyətləri də olaydi və davam edəydi.

  5. Ay aman ? Bu ki dəhşətdir!!! Inanılmaz bir hal yaşadım bu yazını oxuyarkən. Hörmətli müəllif, sizə necə təşəkkür edəcəyimi bilmirəm. Yavaş- yavaş gözümün önündə ölkə futbolunun tablosu yaranır, sonrakı yazını da gözləyirəm.
    Baxıb oxuyub ibrət götürülməlidir. Dərs almaq heç vaxt gec deyil.
    Bu nə həyatdır, bu nə gündür biz yaşayırıq İlahi. Bizim Cəmiyyətimiz niyə bu kökdədr hörmətli Müəllif !! Bilirəm ki, İslam Cabbarlı niyə infarkt olub. Niyə Mihafiz Babayev üz döndərib futboldan. Çünki bu çirkinliklər məhv edir
    insanı. Ey Tanrım bizi bağışla !

  6. Hörmətli “Daz Matros” qardaşımız, Salam. Yazının ikinci hissəsini səbirsizliklə gözləyirdim və məzmunu barədə təqribi düşündüklərim yazıda tam əksini tapdığının şahidi oldum. Çox sağ olun ki, son on ildə aşağı yaş qruplarında gedən çirkli oyunları bütün çılpaqlığı ilə oxuculara çatdıra bilmisiz. Bu proseslər bir həqiqətdir ki, 5-6 il əvvəl “Xəzər Lənkəran” zirvədə olarkən bu həqiqətlərə üçüncü, beşinci dərəcəli iş kimi baxırdılar. Zaman keçdikcə həqiqət ortalığa çıxdı və məlum oldu ki, on ildə xərclənən külli miqdarda vəsaitin müqabilində ortaya çıxarılacaq iki-üç normal futbolçu belə yetişməyib. Çünki, aşağı yaş qrupundan başlayaraq gələcəyin futbolçusu və onun valideyni futbolu yox, maddiyyatı fikirləşərsə sonu belə də olmalıdır. Özünü peşəkar futbolçu görmək istəyən maddiyyatı düşünməməlidir. Peşəkarlıq onun qanına hopandan sonra maddiyyat özü onu tapacaq…

  7. Zəfər Lerikıi says:

    Bizim mentalitet məsələmiz var e…baxin,elə buna görə bizdə inkişaf yoxdur da. Lakin gəncləşdirmə siyasəti ən azi 3 futbolçunu bizə qazandırmaqdır. Onlar da özlərinə çox arxayın olmasınlar. ..yoxsa onlara heç əvəzedicilərdə yer qalmayacaqdır. Bu kimi reallıqları izə çıxartmaq lazim idi.Əhsən bu yazin in müəllifinə. Başqa sözüm yox!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 − dörd =