1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

admin-ajaxÖlkə futbolu elə günə düşüb ki, futbolsevərlərin əksəri artıq idmanın bu növünə həvəs göstərmirlər.

Düşündük ki, Növruz istirahəti günlərində futboldan kənar mövzuda bir yazı ilə sayt istifadəçilərinin bayram əhval-ruhiyyəsinə bəlkə bir az qeyri adilik qata bilərik. Buyurun oxuyun:

——————–

 Ömrünün sonlarını tənhalıqda keçirməyə qərar vermiş bir dahi deyib ki, “Bəsirət gözünün ilk tələbi müqayisədir”.

———————

Fərqli tanışılıq

İti gözlərin gözü dəyməsin, nəyimizdir? Bəs bilmirdiniz ki, pis gözlərdən uzaq olmaq üçün gözünçıxdıda yaşayırıq?

 Gözündən yuxu tökülən çəpgöz demişkən yay-qış xəyallarla doyururuq qarnımızı, tolerantlıqla təsəlli tapıb rahatlayırıq canımızı. Soyuqda zəifləyən və sarımtıl rəngdə yanan “mavi qaz”ın əhatəsində toplanıb iqtidarla müxalifət arasındakı soyuq münasibətin fonunda yer altı sərvətlərdən multikulturalizm duhasıyla istilik umuruq, axı ummaq adətimizdi. 

Nə göz vurmaqla nə də göz bağlamaqla doymur gözümüz, doyanda isə həyat gözdən düşür və gözləri axır ömrün…

Oxşar müqayisə

Görməyə gözü yoxdu bizi hökumətin, ona görə də nə qədər çətinlikdə yaşadığımızı görmür.

Hər şey adi gözlə göründüyündən gözlüksüz də gözə dəyir bütün eybəcər gözəlliklərimiz və beləcə gözünün içinə qədər yalan danışıraq aldadırıq əksərimiz hamımızı, biri elə mən; hamıdan biri, yəni.

Yağış yağarkən elektrik kəsildiyindən damımızın dəliklərini qaranlıqda döşəməyə səpələdiyimiz qablarla gözəyarı təxmin edirik ki, bu da bir əyləncədir bizə. Bəh-bəh, göz yaşı kimi durudur qablara yığılan su, özü də qab dolusu.  Ya baş vur çim ya da çək başına, fərqini damlılar bilməsə də damlalar bilər…

Gözümüzün ağı qarası olan bircə xoş gün arzumuzu da son devalvasiyada qara yellər apardı…

Telefon dəstəyindən eşidilən xışıltı səsi, üzməyi təzə təzə öyrənən milli valyutamızı sayan köhnə bank hesab maşınlarının səsinə bənzəyir. Dinləyib varlanırıq özümüzçün, xətt kəsiləndə isə gözgörəti müflisləşir növbədəkilər, eləcə vaxt keçiririk. Uzaqlaşan istiqamətdə göz atır bizə vaxt…

Bu bizik deyilik?

Göz həkimi “gözün üstə qaşın var” deyib qaşı da əməliyyatla kəsmək, bununla da pul qopartmağa bəhanə axtarır və yaxın uzaq ətrafına həvəslə göz gəzdirir.

Şər xeyirin gözünü çıxarmaq barədə düşünmür, çünki burada düşünmədən bir göz qırpımında qəti qərarlar verilir. Şər də ona gözucu baxan xeyirin iki gözünü bir deşikdən çıxarır.  

Təpəgözün nağılına inanan yox. Hər ehtimala görə heç kəs gözünü çəkmir qonşudan, göz bəbəyi kimi qoruyur hərə özünü, öz gözünü. Gözə gəlir xeyirxahlıq…

Nə qədər şən havalar səslənsə də eşitdiklərimiz matəm musiqisinin əhvalını yaradır ancaq, daha “boy boy” deyən də yoxdu, deyənin isə dilini boğazından çıxarıb gözünə elə soxublar ki, gözləri də bərəli qalır Qaragözün…

Ac qarına ağlımızla yanaşı inam və imanımızı da səmimiyyətimizi də itirmişik, ona görə də “gözünü yeyim” deyənlərin üzünə baxmırıq, “gözüm üstə” deyənin düzünə inanmırıq…

Buralarda hamı şirincanlıdı, ondandır gözə dəymir həqiqətin acılığı…

Tapdığımız bir tikə çörəyi elə acgözlüklə tıxırıq – aman, ay aman. Göz olub izləyənlər “gözünə təpdi” desələr yanılmazlar əsla.

 Halal-haram ayrıntısı monopoliyada olduğundan səngərdəki əsgər və şəhərdə bahalı maşın sürən iki həmyaş gəncin müqayisəsi göz aldadır, eynən bulvarda vulqar gəzinti istəyi kimi gözdə qalır milli dəyərlər…

Buralarda sevgi satışdadı, heç kəsin ala gözünə aşiq olan da yoxdur xeyli müddətdir.

“Rədd olun, gözümüz sizi görməsin” deyir sosial xidmət işçiləri, biz də gözəgörünməz oluruq haqqında şikayət edilə bilinəcək bütün dövlət idarələri qarşısında, gözümüz önündə görkəmini itirmiş halda canlanır ədalət…

 Bəsirət –arxa baxış

Təriflər əvəzində süzülən qəmgin baxışlarımız gözdən salır bizi inkişaf və quruculuq işlərinin önündə.

Biz nə qədər nadan olsaq da yuxarılar tərəfindən unudulmuruq heç, məsələn: arabir polis qulaq burması verir bizə, bu da qanunların aliliyinə işarədir. Əslində bizə bir işarə də bəs edərdi, amma gözünə döndüyüm polis də bekar qalan deyil. Hələ xəbərçilər də maaş alır bizdə…

Gözü millətdən su içməyən prokurorluq susamış yaman. Qanunlar göz yumur qaydalara…  (Qandal əvəzidir gözmuncuğu)

Millət vəkillərinin sifətindən zəhrimar töküldüyündən ilanlar kərtənkələlərə ehtiyac duymur buralarda. Milli yarpız gözə girir…

Poeziya həvəsimizdəndir ki, boynu bükük bənövşəni yamsılayaraq ömür sürürük həyatın qorxu gözbağlıcasıyla.

Kor istədiyi iki gözdən birini də əyri baxıb düz seçə bilmir. Görənlər seçim haqqı tanımır ona. Deyilənlərə görə məmləkətimizin səsi gözdən uzaq yerlərə daşınıb, gözdağıdır seçkilər, yamaclarında qoyun otarır xalq.

Yanaşı nəzər

Gözümüz dolanda öz günümüzə ağlamaq istəsək də göz yaşı əvəzinə gözümüzdən gilə gilə gəlir dövlət qayğısı…

Gözütox nazirlərin gördüyü tonajlı işlərin dəyəri bir qram da yoxdu gözümüzdə.  

Göygöz kosanın sehirli çubuğu gor eşir, su çıxır neft əvəzi. Neftdən qabaq qiyməti düşümüş həqiqət isə öz anlayışsız hərəkətləri ilə gözdən qaçmaq istəsə də Türk demişkən göz altına alınıb bu günlərdə.

Məmur villalarının bərli-bəzəkli aynabəndlərindəki pərdəsiz camlar göz qamaşıdır. Ancaq biz o qədər xainik ki, gözümüz götürmür bunu, dama basılmayanacan gözümüz qalır o damlarda və göz görə görə içimizdən çürüyürük. Utanmadan, xəcalət çəkmədən gözdən pərdə asmaqla və gözə kül üfürməklə gün keçiririk. Əks tərəfdə olan kasıb daxmalarında isə acqarına vurçatlasındı, vuran kimi çatlayır başlar…

Göz çəkə bilmirik göydən, ancaq ele hey başı aşağı gəzirik. Əvvəldən beləyik, sonu gözləyirik.

Ehtiyac üzündən gözlər əllərə dikilib, bu da bir GÖZƏL-likdi deyirlər.

 Nə deyim, bir cüt göz istəyir seyr edə bizi. Təki görən gözlər kor olmasın.

Sonda şad xəbər: Sizi bezdirmiş bu cızma-qaranı bitirən son nöqtəni qoyuram; bax bu da o.

Müəllif: Islam Cabbarlı.

QEYD: Ümumi mətndən və ya ayrı ayrı sətirlərdən istifadə edildikdə müəllifə istinad zəruridir.

4 Şərh

  1. Azərbaycanlı says:

    Kənardan baxdım dünən TEAM MELLİ-nin oyununa. 1M3D (bir millət üç dövlət) formatında keçən oyunda Robertin bığsız saqqallı uşaqlarına baxanda komandasının bir üstünlüyü gözə girirdi ki, bu da TOLERANTlıq idi.

  2. Fərhad says:

    Bu hakimiyyətlə istər 3D yox, lap 9D olsun – düzələn deyil…

  3. Fərhad says:

    Ümidsizlikdən yazılan bu sətirləri oxuduqda elə düşünürsən ki, bu üsyan, “uğurla inkişaf edən Azərbaycan”ın deyil, hansısa geridə qalmış, aclıq hökm sürən bir Afrika ölkəsi vətəndaşınn üsyanıdır…

  4. Aci realliq…Sovet dönəmində kapitalist ölkələrindən və orda olan işsizlikdən tarix fənnindən oxuyur və bizə öyrədirdilər.İndi də yadimdadir:İmperializm(imperiya) kopitalizmin son mərhələsi və sosialist inqilabinin ərəfəsidir.Lakin tarix yanildi, beş ictimai formasiyada məhz elə sonuncusu dəfn olundu.Kapitalist ölkələri inkişaf etdilər,zavod-fabrik açdilar,iş yerlərini açdilar.Bizdə isə tərsinə oldu, elə nə oldusa da bu kasiblara oldu.Sovetlərdən qalan zavod – fabriklər sökuldu,avadanliqlari oğurlandi və satildi.Neftən gələn pulla məmurlar varlandilar və butun vətəndaşlari onlar uçun işləməyə məcbur etdilər.Neft duşdu, varli daha pullarini qazandiği ölkədə villalarina, bağlarina yox, xarici ölkələrə yatirtdi.Kasiblar isə hələ də körpu altlarinda Allahdan bir tikə çörəyə dua edirlər.

    Hər şey yaxşi olar!- deyə sabaha umidlə baxmağimiz çarəsizlikdən özümüzü aldatmaqdir. Futbolda da belədir.Elə həyatin hər sahəsində,yalniz Azərbaycanda…Allah rəhm eləsin,daha yaşamağa umidimiz qalmadi.
    ***
    Zəfər bəy, maraqlı şərhinizə görə təşəkkür edirəm.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 7 = on