9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl

 Məşqlərə qatılmayan futbolçuların fikirlərini öyrənən 12cioyuncu.info azarkeş saytı təqdim edir.

Xəbər verdiyimiz kimi hazırda “Xəzər Lənkəran” klubunda qeyri müəyyənlikdir. Əməkdaşlar maaş almaq ümidində işə çıxır, futbolçular məşqlərə qatılmaqdan imtina edir, klub rəhbərliyinin isə gündən günə çoxalan problemləri həll etməyə maddi imkanları çatmır. Belədə Azərbaycansayağı qeyri rasional addımlar bütün tərəflərdə hiss olunmağa başlayıb. Amma biz heç bir tərəfi qınamaq və ya müdafiə etmək fikrində deyilik. Məqsədimiz saytımızın izləyiciləri olan “Xəzər Lənkəran” azarkeşlərinə dolğun informasiya çatdırmaqdır. Beləliklə söz verdiyimiz kimi “Xəzər Lənkəran”ın məşqlərə qatılmayan bir neçə futbolçusu ilə əlaqə yaratdıq. Fəal azarkeşlərin vasitəçiliyindən yararlanaraq həmin futbolçulardan bir neçəsi ilə telefonda söhbət etdik. Həmin söhbət zamanı eşitdiklərimizi təqdim edirik. (Futbolçularla söhbətdə anonimlik qorunur və hər bir futbolçunun fikirləri ayrıca dərc olunur)

———–

-Biz Lənkəran futbolunun yetirmələriyik. Nə Lənkərana nə sevimli azarkeşlərimizə nə də klubun özünə arxa çevirmək fikrində də deyilik. Məsələ heç də ilk baxışdan göründüyü kimi deyil. Pul davası da etmirik, istəyimiz minimum yaşamaq üçün lazım olanı əldə etməkdir. Axı bu aylar ərzində pulsuz parasız meydanda can qoyurduq. Demirik ki, bütün məbləğ ödənilsin, demirik ki, hamısını verin və ya birdən ödəyin. Hamısı heç lazım da deyil, halal xoşları. Deyirik ki, az miqdarda da olsa verin ki, yaşamağa yetsin. Yox əgər pul yoxdursa, qardaş, başa düşürük, 6-7 ay oynadıq, pul almadıq ki? Qurban olsun Lənkərana, qurban olsun bölgəmizə və qurban olsun kluba ki, bizə futbolun sirrlərini öyrədib. Halal edirik zəhmətimizi, halal edirik maaşsız çıxıb meydanda döyüşdüyümz oyunları və oyunlarda aldığımız zədələri, tökdüyümüz təri halal edirik. Amma qarşı tərəf də halallıq etsin. Versinlər kağızımızı gedək başımıza çarə qılaq da. Nə kağız verilir nə maaş verilir, nə də konkret iş görülmür. Ancaq deyilir ki, gəlin məşq edin düzələr. Ay kişi məşq etmək üçün gərək bir tikə nəsə yeyək də, bizdə can qalıb ki məşq edək? Pulumuz var ki, gedib bir tikə ətdən çörəkdən alıb yeyək?

————

-Bəli, barəmizdə yanlış informasiyaların yayılmasını istəmirik. Arxada qalan ayların maaşını halal edirik. Heç olmasa üç ayın maaşını versinlər və Elbrus Məmmədovu qaytarsınlar onda məşqlərdə iştirak edərik. Bilirsiniz, məsələ ondadır ki, bizi daim aldadıblar. Bəlkə də bir müddət əvvəl hamımızı toplayıb desəydilər ki, pul olmayacaq bu başqa şey olardı. Yoxsa hər dəfə bizi aldadırdılar. Hər oyundan qabaq “sabah ya da həftə sonu pullar veriləcək” deyirdilər. Bir neçə ay idi ki, eyni hal təkrarlanırdı. Gəlib soyunub geyinmə otağına girməyə də üzləri yox idi. Oyunda can qoyurduq, pul verilməsə də elə çıxış edirdik ki, elə bir ölümə gedirik. Uduzurduqsa bu o demək deyil ki, udmaq istəmirdik. Bacardığımızı kişi kimi edirdik. Biz el-obamızı, bu bölgənin insanlarını, bölgənin futbolunu klub rəhbərliyindən az sevmirik, bunu onlar özləri də yaxşı bilirlər. Biz o yaşda da deyilik ki, hər yalana inanaq, əgər bu qədər vaxtı dözmüşüksə bunu azarkeşlərimizə xatir etmişik. Biz aldatmalara, hər dəfə təkrarlanan yalanlara etiraz edirik. Söz qoymuşuq ki, şərtlərimiz yerinə yetirilənə qədər özümüz üçün ayrıca məşq edək. Məşqlərimizdən də foto və video çəkib hamıyla paylaşacağıq.

————-

-Fikir verin, heç birimiz pul davası etmirik. Niyə? Çünki gözümüzdə Lənkəran camaatı dayanır. Biz bu insanlardanıq, əti dırnaqdan ayırmaq olar? Həm də bu klubun yetirmələriyik. Bunu unuda bilmərik, halal çörəyə bizi valideynlərimiz alışdırıb. Valideynlərimiz onu da öyrədiblər ki, təmkinli olaq, müəllimlərimizə hörmət bəsləyək. Elə biz də son ayları bu nəsihətlərə əməl edirik, klubumuzun rəhbərliyinin üzünə ağ olmuruq, zəhmətini də danmırıq, dözürük. Bəzən bilirik ki, aldadırlar, yalan danışırlar, amma yenə də Lənkərana xatir o tribunalarda gördüyümüz azarkeşlərə xatir çıxıb bacardığımız futbolu oynayırdıq. Götürək elə məni yaxud o biri komanda yoldaşlarımın əksərini, biz hamımız kasıb balalarıyıq. Özü də legionerlər kimi külli miqdarda maaş almırdıq. Əsas heyətdə çıxış edən klubun bütün yetirmələrinin maaşlarını üst-üstə toplasan bir legionerin aylıq maaşından çox olmaz. Bəs biz necə olur ki, pul hərisi oluruq? Vallah Billah biz çoxunu istəmirik, fikir verin çoxumuzun yaşı da 20-dən keçib. Ailəmizə çörək aparmalıyıq, ümumi vəziyyəti də hamımız bilirik. Maddi imkanı olub klubla pul davası edəni Allah zəlil eləsin !  Bizdən xəbərsiz maaşlarımızı da azaltdılar dinmədik. Özləri bizə demirlər, ordan burdan xəbərlər gəlir ki, maaşlarımız azalıb. Heç azalanı da vermirlər. Qoy səsimizi hamı eşitsin, məşqdən imtina etməyimizindən qoy Mübariz Mənsimovun da xəbəri olsun!

————-

-Bir ipin iki ucu var. Ya o ucdadı həqiqət ya da bu ucda. Tutaq ki, pulları yoxdu, başa düşdük, Allah kömək olsun. Pulları olanda Lənkəran üçün xeyli iş görüblər, bu danılmazdı. Üstəlik biz də bu klubun yetirmələryik. Hər şeyə ədalətlə, şəriyətlə yanaşaq da. İndi yoxdu pulları, biz də 6-7 ay maaşımızı halal edirik, ana südü kimi halal olsun. Nə deyirik ki, versinlər kağızımızı siz sağ biz salamat. Məgər bu mümkünsüz işdi? Ay azarkeş deyin görək biz səhvik? Elə edək ki, Allaha da xoş getsin bəndəyə də.

————-

-Bizim üçün xəbər göndərirlər ki, “sənədlərinizi vermirik özü də sizi süründürəcəyik. Futbola həsrət qoyacağıq”. Sonra da Tovuzdan və Bakıdan futbolçular gətirəcəklərini deyirlər ki, güya bizim əvəzimizə oynadacaqlar. Əvvəla hansı pulla, ikincisi də pulunuz varsa başqasına niyə verirsiz ki, elə bizə verin də, hamısını yoxe, heç olmasa borcun 5-də birini verin. Hə, biz indi bu söhbətləri klubun rəhbərliyinə necə yaraşdıraq? Bu nə deməkdi? Yaxşı bizim yaşımız azdı, əşşi tutaq ki, lap nadanıq, qanmırıq, başa düşmürük!  Bəs siz, axı yaşda böyüksüz, bəlkə siz deyəsiz bu nə dərəcədə düz söhbətdi?  Bu hansı kitabda yazılıb? Yeni il axşamı soğan çörək yeməklə yarıac yatan da biz, evdə çörək qabındakı qırıntıları toplayıb qarnımızı doyurdan da biz, aylarla bu şəhərin camaatına görə meydanda qan-tər təkən də biz, maaş almayan da biz sonda haqqımızı istəyib məşqə qatılmadığımız üşün pis olan da biz?

—————

QEYD:  “Xəzər Lənkəran”ın məşqlərə qatılmayan üsyançı futbolçuları ilə yanvarın 16-da saat 23:17-dən etibarən ümumilikdə 10-dəqiqə 09-saniyyə ərzində saytımızın əlaqə nömrəsi olan 0556194463 nömrəsindən istifadə edilərək danışılıb. Futbolçuların öz istəyinə və vasitəçilik edən fəal azarkeşlərin öncədən qoyduqları şərtə, eləcə də saytımızın daxili qaydalarında göstərilən “anonim informasiya ötürücülüyü” prinsipinə uyğun olaraq saytımıza danışan “Xəzər Lənkəran” futbolçularının adları açıqlanmır.

12cioyuncu.info azarkeş saytı müstəqil fəaliyyət göstərir və bu fəaliyyət də azad düşüncənin məhsuludur. Saytımızın iki devizi vardır:  

Öncə Vətəni sonra səni sevdik “Xəzər Lənkəran”  Biz futbolçularımızı kölgə kimi izləyirik.  

Biz heç vaxt bu iki devizin məntiq dairəsindən kənara çıxmamışıq. Eyni zamanda da daim çalışmışıq ki, mövqeyimiz  yalnız ədalətin yanında olsun. Bu isə o deməkdir qiyamçı futbolçuların iddialarına klubdan veriləcək cavablar saytımızda işıqlanıdırlacaq. 

13 Şərh

  1. Shukur Lenkerani says:

    Ne qederki Taygun Nadirov Mais Mensimov Xezer Lenkerana sahiblik edir orda hec bir sey olmaz!!! Ikiside harinlanmishlardilar!

    Mubarize xeber verinki bir vaxt dediyi soz dogrulandi! ” xezer lenkeran stadionununq qoyun salib ferma edecem “

  2. adam kisi olar ! says:

    as salamu aleykum. bir soz demek isteyirem. bu rehberlik ozleri tox futbolculari ac qoyub.bu ALLAH qatinda da gunahdi ..ALLAH goturmez buni.adam kisi olar..sonsuza qeder futbolcular haqlidir….

  3. XL-rehberliyinden birinci defe esitseydikki futbolcularin maasini kesib ve, onlari incidirler, inanmazdiq. Bu axi birinci defe deyil defelerle futbolcular sikayet edirler..

  4. “Xəzər Lənkəran” Futbol Klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular – Elvin Mirzəyev və Kazım Kazımlı klubdan uzaqlaşdırılıblar.

    Qafqazinfo xəbər verir ki, digər üç futbolçu Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandanın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək.

    Klubdan bildirilib ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir.

  5. Salam Admin bey . necesiz?sehetiniz necedi?vallah size halal olsun yaxsi ki bele bir iw gordunuz yoxsa bezileri agzini acib heyyy daniwirlar ozude bildiyini de bilmediyini de

  6. “Xəzər Lənkəran” Futbol Klubunun məlumatı
    “Xəzər Lənkəran” Futbol Klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı klubumuzdan uzaqlaşdırılıblar. Digər üç futbolçumuz Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Son olaraq qeyd edirik ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir.

  7. Rovshan Asadov says:

    Salam aleykum. Kimlər ki ağız dolusu deyir e, mən belə, mən elə, Lənkərançılıq belə gəldi, yerliçilik belə getdi, hamısı boş söhbətlərdir. Hərə özü üçün yaşayır Lənkəranda. Son illərdə hər dəfə Lənkərana gedəndə bunun şahidi oluram, paxıllıq, gözügötürməməzlik, bir-birinin ayağının altını qazmaq. Elə duraq boş-boş tərif etməklə özümüz özümüzü ifşa edirik. Odur ki futbolçulara haqq qazandırmamaq mümkün deyil. Uşaqlar ağızlarında deyirlərki bütün ilin borcları halal xoşunuz, heç olmasa 1-2 ayın maaşı verilsin ki evlərinə çörək aparsınlar. Adi vətəndaşın 1-2 ay maaşını verməyəndə özünü az qala lezvalayır. Bu uşaqlar isə klubun pulunu vaxtikən sağa-sola talayanlardan 10 ayın pulunu deyil, sadəcə 3-5 yüz manat çörək pulu istəyirlər amma hər dəfəsində aldadılırlar. Onlar yetərincə fədəkarlıq ediblər, bəlkə yetərindən də artıq. Danışanda haqdan ədalətdən danışırıq ağız dolusu. Haqları tapdanan da futbolçular hələ bir qınaq obyektinə çevrilən də?!

  8. Rüstəm Xəzər says:

    “Xəzər Lənkəran” Futbol Klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı klubumuzdan uzaqlaşdırılıblar. Digər üç futbolçumuz – Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Son olaraq qeyd edirik ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı, bütün aşağı yaş qruplarının məşqləri davam etdirir.

  9. Düz edirsiz.heçbir azerkeş sizi bu meselede qiniya bilmez.

  10. Azərkeşlər bu uşaqlardan nə istəyirlər, onları top atəşinə tutublar. Artıq 6-7 aydır pulsuz parasız oynayırlar. Onlar da bir ailənin üzüvləridir evlərinə çörək aparmalıdirlar ya yox. Necə olur onlara çörək pulu verə bilmirlər Tuyqun və Yunuskimilər heç bir zəmət çəkmədən pulları yaxmalayıb yeyirlər. O gənclər komandaya və yaşadıqları bölgəyə öz borclarını artiq veriblər. Adamın vicdanı olar onlara çörək pulu verin sonra da iş tələb edin. Hörmətli azərkeşlər sizə bir misal gətirmək istəyirəm. tytaq ki hansısa bir şirkətdə fəhlə işləiyrsiniz şirkət 6-7 aydır sizi işlədir və pulunuzu vermir və üstəlik sizi məcbur edir işi davam edin onda sız nə edərsiniz. Bax özünüzü bu gənclərin yerində təsəvvür edin. Sabah hər hansı travma alsalar bu rəbərlik onların dalında da durmayacaq. ona görə də bu gəcləri artıq sözlərlə və vətəpərvərliklə imtahana cəkməyin. Onsuz da bir sürü quldur onların taleyi ilə oynayır. Gəlin biz onlara dayaq olaq.

  11. Rüstəm Xəzər says:

    Sizcə Mubariz Mənsimovun bu işlərdən xəbəri yoxdur?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 + beş =