8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sev“Xəzər Lənkəran” bir marka idi – daha yapışdırmağa yer tapılmır.

Gizlincə və xəcalət içində “Ötən günlərimi qaytaraydılar”ı züm-zümə edən “Xəzər Lənkəran” bir zamanlar brend idi – nümunə üçün qoruyub – saxlayıb baxmağa indi heç stend də yoxdu… Min bir oyun quruldu ki, futbolla bərabər həm də “Tel oynasın”, quruldu və yoldular hər tərəfdən – soydular, sökdülər, yıxdılar…

 “Xəzər Lənkəran” əvvəllər “XL” olaraq böyük bir ölçü idi; kiçiltdilər onu “razmer savaşı”nda… Yandırdılar ümidlərimizi bacasız ocaqlarda… “Uçan qaçan, bir qayğısız kəpənək” oldu. Uğurlu keçmişi daha getdi, qalsa qalsa indi əllərimizdə qandalarının tozu qalar… “Ağ-yaşılı”nı da parçaladılar, lap ağını da çıxartdılar “yaşılına kor baxanlar”… Artıq bir ildir ki, uzaqlaşıb hamıdan, tənha və yaşıl ada kimidi – “uzaq yaşıl ada”…

Klubda kimi dindirsən, kimə salam versən maaşsız qaldığından, pulsuzluqdan danışar. Hamı “Mani, mani, mani” oxuyub köks ötürər, amma üzü yuxarı durub “Pulumu verin !” deməyə cəsarət edən yoxdur. “Cəsarət qəpik deyil ki, hamıda olsun” demək də insafszlıq olardı. Axı indi susmaq daha çox cəsarət tələb edir əslində.

 Pula pul deməyən bir klub, indi yeməyə çörək tapmayanların toplumuna çevrilib – “Ey həyat, sən qəribəsən”…

 Stadionda kasıblıqdan “Evlərinin önü yonca” melodiyası gübrə əvəzi meydançaya səpilir, amma ota baxanların telefonunda zəng səsi kimi qoyulmuş “Çıx yaşıl düzə” mahnısında bu günlərdə musiqi ilə sözlər heç uyğulaşmır…

Arenanın köhnə şəkillərinə baxarkən gözləri dolan stadion direktorunu “Sən yadıma düşəndə” deyib uca səslə oxumağa yarımxırıltılı kobud səsi və qəhər mane olur. Öz aramızdı nə səsi nə də istedadı heç əvvəldən də yox idi…

Tribuna sakinlərindən hər kəs klubun bu kökə düşməsində vitse-prezidenti günahkar bilir. Stajlı azarkeşlər “Onu bağışlamaq olarmı” deyə ətrafa sual edincə, gənclər tək-tək və bir yerdə “Heç bizə lazım da deyil” ritmi ilə ona qarşı etiraz edirlər. O da cavabında “Elə bəndəm, elə bəndəm” deyib yerində möhkəmcə qalmaqdadı.

 Təcrübəli futbolçuların “Ayrılıq” sədaları ilə komandadan uzaqlaşması bitdi, indilərdə klubun öz yetirmələri də küsüb gedir – “Heç küsməyin yeridirmi”?

Eh, daha “Nə qaldı, kimə qaldı”, kimlər qaldı? Gedə gedə də quş buraxmaqdadılar; “Ay uçan quşlar”…

O biri yandan klub sahibi legioner almaq üçün komandaya pul ayırmır və “Yaşın nə fərqi var ki” deyib gənclərlə davam etməyi məsləhət görür. Azarkeşlər isə “Xəzər Lənkəran”ın yiyəsinə “Kalbine Sürgün”ü Türkcədən  tərcümə edib öz əlavələri ilə “Qaytar eşqimi” formasında göndərmək istəyirlər ki, bəlkə insafa gəlib “Qurdlar vadisi” kimi “pusu”lara qədər uzatmağa qoymaz bu söhbəti.

Hörmətli oxucu, nə olursa olsun kimin ağzından hansı avaz gəlirsə gəlsin, onsuz da səni doğma komandana sevgi bağlayır. Elə səni hamıdan üstün edən də budur. Çalış ki, hətta  “И в яростном огне” özün olaraq qalasan və davam edəsən sevməkdə; “Sev ki, sevən mərd olar”!

P.S: Mən də əgər bilmədən “Bir könül sındırmışam”sa bağışlayın.

FANTOMAS

Bir şərh

  1. Mənə isə xatirələrdən başqa bir də Rahidin bağışladığı yaşıl kurtkası oldu…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 1