6 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
7 ay əvvəl
Qadağalar qaydası…
7 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
12 ay əvvəl
A B R A K A D A B R A

Vefa-Qelemdarin-yazisiGündəlik həyatımızda rastlaşdığımız icazəli nə varsa ümumi təlabatı ödəyə bilmir, əksinə hər yerdə “olmaz” deyilərək tətbiq edilən QADAĞAlar isə üstünlük təşkil edir (Bizdə üstünlük təşkil edən elə həmişə  QADAĞAlar olub).

Təsadüfi deyil ki, qaydalar deyəndə ilk növbədə insanın ağlına QADAĞAlar gəlir. Yəni bizim üçün hər hansı bir şeyin QADAĞAN olması ilkin versiya sayılır ki, bu da bizim  həyat təcrübəmizə əsaslanır.

Götürək futbol azarkeşliyini. Tutaq ki, Lənkəranda futbola baxmaq üçün “Fırtınalar meydanı”na yollanırsan. Stadiona yaxınlaşdıqda görürsən ki, körpünün üzərindən avtomobillə keçmək QADAĞANDIR. Səsini belə çıxarmadan bu QADAĞAya əməl edib stadiona ayaqla gedirsən. Bilet alıb içəri daxil olmaq istəyirsən ki, birdən girişdəki yoxlanış zamanı cibindən hətta alışqanı da çıxarıb götürürlər, deməli onu da içəri aparmaq QADAĞANDIR. Şəxsi əmlakına hörmətsiz yanaşılmasına da dözürsən. Keçib tribunada dayanırsan. Ətrafdakılar biletin 2-manata satılmasına və oturacaqların tozlu-torpaqlı olmasına görə klub rəhbərliyindən narazılıq edirlər. Əslində biletin qiyməti sənin vecinə də deyil, elə ayaq üstə dayanaraq oyunu izləmək vərdişin sayəsində oturacaqlar da səni maraqlandırmır, ancaq ətrafdakılarla həmfikir olduğunu göstərmək üçün sən də onlara qoşulursan. Bu yerdə anidən başlayan və müvəqqəti sürəcək ümumi qaydalarla tənzimlənən “palaza bürün elnən sürün” prinsipi işə düşür. Amma bu da çox çəkmir.

Oyunun gedişində qonaq komandanın futbolçusu qaydanı pozur, hakim isə buna reaksiya vermir. Pozulan sırf futbol qaydası olsa da sən buna dözməyib etiraz edirsən və etirazını fərdi şəkildə nümayiş etdirməyə, yəni bir iki ağız söyüş söyməyə başlayırsan. Elə bu vaxt tribunanın pilləkən tərəfində duran qaşqabağlı polis əməkdaşı sənə yaxınlaşıb “nəzakət”lə “otur yerinə görüməə, yoxsa….” deyən kimi, uşaqlıqda eşitdiyin xoxan haqqında olan nağılların vahiməsi uzun illərdən sonra canına təkrarən düşür və tozlu-torpaqlı oturacağa qısınmalı olursan. Bu zaman qorxudan vərdişini belə unudub oturacaqların tozunu üst-başına hopdurursan. Ətrafdakıların demək olar ki, hamılıqla tum çırtlaması da səni əsəbləşdirir. Bəziləri hətta tum qabığını öndəki sırada oturanların belinə qədər tüpürürlər. Ayran satan və tum satan əl ayağa ilişir, sən bütün bu mənzərəni görüb daha da əsəbləşirsən. Amma nə edəsən, əsəblərini özündə saxlamağa məhkumsan. Çünki bunun əksi QADAĞANDIR. Bir az sonra sevdiyin komanda qol vurur, sən də durub uca səslə “qooooool” deyə qışqırmaq və sevincini bölüşmək istəyirsən. Amma bu dəfə yaxınlıqdakı digər polis əməkdaşı “az qışqır ə, başım ağrayır” deyən kimi, sinir sistemindəki mərkəzdən qaçan sindromlar səni QADAĞANDIR əmri ilə sakitləşdirir, tam susursan və ya səs tembrini aşağı salıb “qooooool” sözünü zildən bəmə enərək tələffüz edirsən. Yox əgər tərslik etsən tutub aparacaqlar. Orada da özünü pis aparasan ya səni üçüncü qüvvə ilə əlbir olmaqda, ya da nə bilim 13-cü qüvvə ilə intim əlaqəyə girişməkdə suçlayacaqlar. Hər iki işlə bağlı üzünə dura biləcək şahidlər isə çoxdan hazırdır. Deməli sakit qalmaq məsləhətdir və ya hisslərini cilovlamaqdan vaz keçmək QADAĞANDIR. Bir oyun belə, iki oyun belə, üç …, bunun davamı çox gəlir. Bir az bezir, bir az da küsürsən, hər iki halda hirslənirsən, sinirlərin tarım çəkilib qalır.

Üstəlik mövsümü uğursuz davam edən “Xəzər Lənkəran” da səni üzür. Uğursuz çıxışa etiraz əlaməti olaraq komandanın növbəti ev oyununda parça üzərində savadın çatan qədər bir cümlə yazıb tribunada açmaq istəyirsən. Bu vaxt sənə yaxınlaşan mühafizəçilər və polis əməkdaşları “QADAĞANDIR” deyərək bu parçanı əlindən alıb aparırlar. Dərd isə orasındadır ki, onların savadı heç də səninkindən artıq deyil. Sənin  pankratda yazdığın cümlənin hər hansı senzuraya düşmədiyini, etik və mədəni cümlə olduğunu onlar anlaya bilmirlər. (Amma ondan da böyük dərd var. Belə ki, həmin mühafizəçilərə və polislərə göstəriş verənlərin özləri də yarımsavadlı olduqlarından sənin yazdığın cümləni tam olaraq başa düşməmişdirlər. Bundan sənin xəbərin olmasa da bu belədir.) Bu arada sən komandanın uğursuz çıxışına etiraz etmək üçün yeni yollar arayırsan. Dolu olan ürəyin az qalır partlasın və növbəti oyunda şüar səsləndirən gənc azarkeşlərə qoşulursan. Yenə də “QADAĞANDIR” deyə səsini batıran stadionun mühafizə əməkdaşları və asayiş keşikçiləri səni yerinə; tozlu-torpaqlı oturacağa oturdurlar. Beləcə sən getdikcə ayaq üstə durub futbolu izləmək vərdişini də unudursan…  “Xəzər Lənkəran”ın problemləri və uğursuzluqları artır, hər şey təkrarlanıb mövsüm boyu davam edir və sən yavaş-yavaş futbola nifrət etməyə başlayırsan. Çünki hər addımda qarşına QADAĞANDIR deyən birisi çıxır və bu “biri”lərinin hər addım başı çoxaldığının şahidi olursan. Anlayırsan ki, bizdə üstünlük təşkil edən elə həmişə  QADAĞAlardır. Və sən məcbur olub bizim reallığı qəbul edirsən; axı bizdə qaydalar deyəndə ilk növbədə insanın ağlına QADAĞAların gəlməsi heç də təsadüf deyil.

 Arabaçı Mirzə kişi demişkən:  ““Qaydalar, onları pozmaq üçündür” deyənlərin sonda taleyini qanunlar müəyyənləşdirir”.  Əslində heç dəqiq yadımda da deyil ki, bunu Mirzə kişi  yoxsa “Xəzər Lənkəran” klubunun rəsmilərdən biri deyib… (Təkrar)

Vəfa Qələmdar. 

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç − = 0