10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesh-54Azarkeş saytı olan 12cioyuncu.info-da mütəmadi olaraq azarkeş yazılarına yer ayırırıq.

Əli Məmmədov adlı azarkeş, saytımızın elektron ünvanına (12-ci-oyuncumfk@mail.ru) məktub göndərib. Ukraynada yaşayan azarkeşimiz maraqlı bir hadisəni qələmə alıb və yazısının saytda təqdim olunmasını xahiş edib. Yazını olduğu kimi təqdim edirik:

Sübhdən yağan yağışdan sonra günəş çıxdığına görə hava bürkü idi. Orucumu pozmamaq üçün bir müddət əvvəl təxirə saldıgım, Lvov şəhərinə ezamiyyətə yollandım. Təqribən 130-kilometrlik bərbad vəziyyətdə olan yolu iki saat yarıma qət edib, mənzilə çatdıq. Ukrain millətindən olan yol yoldaşım həm də mənə bu gözəl şəhərdə bələdçilik edirdi. O daş örtüklü qədim Lvov yolları ilə avtomobili sürərək hərdən yoldakı daşları ya o daşı düzəni və ya sadəcə söyuş söyur, mən isə ona fikir vermədən köhnə arxitekturalı binalara tamaşa edirdim. Şəhərin müxtəlif yerlərində yerləşən ofisləri gəzirdik. Başımız işə qarışdığından, günorta yeməyinin vaxtını da ötürmüşdük. Son gedəcəyimiz ofisdən çıxdıqda saat dördün yarısı idi. Avtomobili ofisin qarşısında qoyub çörək yemək ücün yaxınlıqdakı yeməkxanalardan birinə piyada yollandıq. Yemək yeyib geri maşının yanına qayıdarkən Qorodetski küçəsində işıqforun yaşıl işığının yanmasını gozləyirdik ki, yolun əks tərəfində bir qoca diqqətimi cəlb etdi. Səksəndən cox yaşı olan arıq, beli azca bükülmüş hündür boylu qocanın başı az qala işqforun piyadalar uçun olan seksiyasına çatırdı. Diqqətimi cəlb edən qocanın hündür boyu deyil, əyninə bir az gödək qalan, geyindiyi “Xəzər Lənkəran” futbolkası idi. Yaşıl işıq yanan kimi tez yolu keçib, kişinin qolundan tutaraq geri səkiyə qaytardım. Hərəkətimi anlamayan qoca ürkək, sual dolu baxışlarla mənə baxıb zəifləmiş qolunu əlimdən qoparmaq üçün çırpınaraq Ukraynanın bu ərazilərinə xas olmayan rus dilində –“Siz nə edirsiz” dedi. Mən Ukrain dilində:

– Baba gedək kafedə bir fincan kofe içək – deyərək yaxınlıqdakı kafeni gostərdim. – Qoca yenə rus dilində danışdı:

-Mən təzyiqimə görə kofe içmirəm.

– Onda çay içərsiz.

-Bu istidə nə çay?

-Kvass ya da sərin alkoqolsuz moxito içərsiz. Mən qonaq edirəm. – dedim.

Üzündəki müəmma dolu, qorxmuş ifadəni görüb, əynindəki köynəyi gostərərək rus dilində – “mən bu komandanın azarkeşiyəm.” – deyib gülümsədim ve qocanı kafeyə tərəf çəkdim. Artıq müqavimət göstərməyən qoca, mənimlə birlikdə kafeyə tərəf yollandı. Sakit bir yerdə oturub iki fincan kofe, 1 şüşə mineral su sifariş edib qocadan kvass ya moxito içmək istədiyini soruşdum. Artıq eyni açılmış kişi dedi.

-Çay içəcəyəm, yaşıl çay, həkimlər təzyiqimə gorə gündə 2-3 fincan yaşıl çay icməyimi məsləhət görüblər.

Bayaqdan mənim qəribə hərəkətlərimə mudaxilə etmədən izləyən alçaq boylu qara saçlı, biraz asiyalı görünüşü olan iş yoldaşım da masa arxasında oturdu. Sifarişi verib qoca ilə rus dilində söhbətə başladım.

 -Baba dəyəsən qorxutdum sizi.

– Bəli, elə bildim “banderaçısız” (Müharibə illərində Ukraina Millətçi Təşkilatına başçılıq edən Stepan Banderanın davamçıları, ruslara və rus dilində danışan ukrainlərə pis munasibət bəsləyirlər.), ləhcənizdən quçullara (Karpat daglarında yaşayan ukrainlərin etnik qrupu hesab edilir) oxşatdım.

-Banderaçılar qorxuludurlar? – iş yoldaşımı gostərərək dedim – bunun nəyi qorxuludur?

– Qorxulu deyillər, ancaq 52-ci ildə dostum Boqdanı səbəbsiz öldürdülər. Indi elə də qəddar deyillər, amma canımda qorxu qalıb. Xüsüsi ilə “pravıy sector”-dan qorxuram. Bilirsiz mən buralı deyiləm, Donetskdənəm, bu yaşımda evimdən qaçqın düşmüşəm. Nəvəm burada ərdədir, mehriban əri, boyük uşaqları var. Onlar məni bura gətiriblər. Deyirlər heç kimdən qorxma, amma mən yenə də qorxuram. Mənə kücədə, həyətdə heç nə deyən yoxdur, ancaq qorxuram.

Qoca cox söhbətcil idi. Elə bil danışmağa adam axtarırmış. Sonra kişi çayını içərək cətin keçən həyatından, uşaqlıq illərində valideynlərini və bacı-qardaşlarını “qolodamor”-da (Ukrainlərin 30-cu illərdə genositi) itirdiyindən, Xarkovda və Rusiyada uşaq evində boyuməsindən danışdı. Nəhayət qocanın danışdığına mudaxilə edib məni maraqlandıran sualı verdim.

-Bu forma sizdə haradandır? Yoxsa Azərbaycan komandasına azarkeşlik edirsiz?

 -Bu futbolkanı mənə Edik verib. Bizim Donetskdə qonşu evində kirayə yaşayırdı. Dedi kubok oyununda pulsuz paylayırdılar, 2-ədəd götürübmüş. Əyninə boyuk olduğu üçün mənə verdi. Yaxşı keyfiyyətlidir. Bir neçə ildi geyinirəm, heç rəngi də dəyişməyib. Sizin çox yaxşı klubunuz var. Mən “Metallist”-in azarkeşiyəm, əvəllər oyunlara stadionda baxardım ancaq heç vaxt görməmişəm oyunda pulsuz futbolka ya hansısa atribut paylasınlar. Heç Axmetov da (Ukraynalı milyarder, “Şaxtyor” klubunun sahibi) pulsuz forma paylamayıb. Edik yaxşı oğlandı, məni bəzən pivəyə qonaq edirdi. Onda yalnız futboldan danışırdıq. O, komanda və milyarder sahibi haqqında mənə cox danışıb.

Qoca yenə muxtəlif mövzularda danışmaga başladı. Yol yoldaşımın tez-tez saata baxmasından hiss etdim ki, tələsir.

-Yaxşı baba vaxtdır, biz uzaq yol gedəcəyik – deyib afisiantdan hesab istədim.

Kafedən çıxıb sağollaşdıq. Qoca işıqfora tərəf, biz isə əks tərəfə dönduk. Bir necə addım getmişdik ki, qoca arxadan çağırdı. Geri boylandıq.

-Bakıda məndən Edikə Salam çatdırarsınız. Deyərsiz Kovalenko Mikola əmi Salam deyir. – deyərək qoca bizə əl etdi.

-Yaxşı. Çatdıraram. – dedim. Dönub avtomobilə tərəf getdik.

Yol yoldaşım dilləndi:

-Qoca havalanıb, Baki böyüklükdə şəhərdə həmən oğlanı necə tapıb, Salam çatdırmaq olar?

-Çatdıracağam – dedim.

-Siz onu tanıyırsız?

-Yox tanımıram, ancaq babanın “Salam”- ını çatdıracağam.

Yoldaşım dediklərimdən heçnə anlamasa da artıq sual vermədi. Sözsüz onun bizim komanda və “12-ci oyunçu” haqqında heç bir məlumatı yox idi. O bilmirdi ki, bəlkə də dünyanın aparıcı komandalarının azarkeşlərinin bizim qədər imkanları və “12-ci oyunçu” kimi azarkeş saytları yoxdur. Bu saytın milyonlarla IP ünvanından izləyicisi var. Belə imkan yaratdıqlarına gorə zəhməti keçənlərin hər birirnə təşəkkürümü bildirirəm.

Evə çatarkən artıq gecə idi. Komputer arxasına oturub klavişlərə baxdım, düşündüm və azarkeşə Salamı şərh kimi deyil, məqalə şəklində çatdırmağı qərara aldım.

Beləliklə borcumu verirəm. – Edik, (əsil adınızı bilmədiyimə görə belə muraciət edirəm) Sizə Doneçkdən, Kovalenko Mikola (bəlkədə Nikolay kimi tanıyırsız) əmidən “Salam” var.

Əli Məmmədov, Ukrayna.

 

13 Şərh

  1. Salam Admin))) Yazin I oxuyanda kovrəlməmək olmur.Nə yaxşı kı Xəzər var.Nə yaxşı kə 12cioyuncu.info var…..Xəzərli olmaq hər bir adama nəsib olmur.Allahima şükür edirəm ki Məndə Xəzərliyəm
    ***
    Salam. Mən də xeyli kövrəldim bu yazını ilk dəfə görəndə. Hətta yazını hazırlayıb sayta vermək də bu səbəbdən bir neçə saat gecikdi.

  2. Bütün azerkeşləri salamlayıram.

    Mən 2002-2007 illər ərzində Bakıda fəalliyət göstərən əcnəbi şirkətlərin birində işəyirdim. Bu müddətdə çalışdığım şirkətdə bir çox əcnəbi iş yoldaşlarımla yanaşı İngiltərə vətandaşı olan Con (John Mackereth) adlı şəxslə daha isti münasibətim var idi. Əslən Liverpuldan olan lakin Portuqliyada yaşayan Con, təbii ki, İngiltərənin ən titullu (yanılmıramsa) və ən böyük klublarından olan “Liverpul” futbol klubunun fanatı idi. Mən əcnəbi həmkarımla birgə asudə vaxtlarımızda çox zaman futbol haqqda danışır, fikir mübadiləsi aparırdıq və bildiyiniz kimi əcnəbilərin bir çox qismi futbol fanatı olduğundan bu mövzuda bizə qoşulan çox olurdu. İkimiz bir yerdə söhbət edərkən digər həmkarlarımız tez-tez zarafat edir və “siz iki mövzuda söhbət də edə bilərsiniz, bu mövzu ya futboldur ya da ki, iş” deyirdilər. Bu da bir çox hallarda hamı tərəfindən xoş bir zarafat kimi qəbul edilir və təbəssümlə qarşılanırdı. Yuxarıda qeyd etdiyim kimi, 2007-ci ilə qədər orada çalışdım. Sonra mən başqa bir şirkətdən təklif alaraq oradan ayrıldım, amma ara-bir Conla telefon vasitəsi ilə əlaqə saxlayırdıq. Bir gün Con, Portuqaliyadan yenicə Azərbaycana gələn kimi mənə zəng edərək dedi ki, əgər görüşsək sənə çox maraqlı bir əhvalat danışacağam. Bu xəbər məndə maraq oyatdı. Telefon söhbəti zamanı təfkliflə həvəslə razılaşıb kafelərin birində görüşdük. Onu da qeyd edim ki, Con çox səmimi, diqqətli və əsl İngilis təmkininə malik şəxs idi… Bir az hal-əhval etdikdən sonra Con bunları dedi:

    “Bir gün Madeyrada (Portuqaliya) arada bir yolum düşən kafelərin birində dost-tanışlarım və ailə üzvlərimlə birgə “Portu” – “Benfika” matçını izləməyə getmişdik. Oarada çalışan barmenin yerli olmadığı açıq-aydın sezilirdi. Sarımtıl, hündürboylu idi, Rus və ya hansısa Slovyan ölkəsindən olduğunu anlamaq çətin deyildi. Barmenlə alınan maraqlı söhbətim əsnasında məndən harada və hansı sahədə işlədiyimi soruşdu. Mən cavabında Azərbaycanda işlədiyimi və Azərbaycan haqqında ona məlumat vermək istəyəndə maraqlı bir mənzərə alındı. O mənə “Xəzər Lənkəran” futbol klubunu tanıdığımı soruşdu. Təəccübdən, duruxub qaldım və onun “Xəzər Lənkəran”ı hardan və necə tandığını soruşdum. İnanılmaz bir mənzərə ilə qarşıladığımdan çaşıb qalmışdım, onun cavabından məlum oldu ki, əslən Rusiyanın Paytaxtı olan Moskva şəhərindəndir. Rusiya Premyer Liqasında “Spartak” Moskvanı, Azərbaycan çempionatında isə “Xəzər Lənkəran”ı dəstəkləyir. Onu da deyim ki, söhbətimiz çox maraqlı alındı. Sonda isə mənə Azərbaycana növbəti səfərimdə mümkün olarsa bir şərf və futbolka almağımı xahiş etdi, mən də onun xahişini nəzərə alacağımı bildirdim”.

    Dostum Conun bu əhvalatını diqqətlə dinlədim və deyim ki, qürur duydum. Con xahiş etdi ki, mən ona klubun atributu olan futbolka və şərfi alınmasına köməklik göstərim. Mən də öz növbəmdə böyük məmnuniyyətlə Cona söz verdim ki, klubun atributların tapıb ona verəcəyəm. Yay fəsli ərəfəsində məzuniyyətə çıxmışdım. İstirahət günlərimizi səmərəli və şən keçirmək üçun doğma şəhərimiz LƏNKƏRAN-a getdim. “Xəzər Lənkəran” mərkəzi stadionun qarşısında açılmış “FAN shop”-dan futbolka və şərfi alıb Bakıya qayıtdıqdan sonra Cona verdim. Onun bu atributları görüb çox sevindiyini yalnız və yalnız canlı şahid kimi görmək lazım idi. Həmin anda Portuqaliyadakı əslən Moskvalı “Xəzər Lənkəran” azarkeşinin necə sevinəcyini təsvir etdim və bir daha “Xəzər Lənkəran”la qürur duydum.

    Belə, bu da bizim qısa, Portuqaliyadan olan əhvalatımız. Yuxarıda anlatdıqlarım təxminən 2010-2011 ci illərə təsadüf edir.
    Hörmətlə

  3. Salam, Fərhad bəy. Siz vətənimizdən kənarda yaşayan “12-ci Oyunçu”nun ən fəal izləyicilərindən biri olmaqla yanaşı, yazdığınız fikirlər də mənim üçün həmişə maraq kəsb edir. Şərhlərinizi və önəmli fikirlərinizi saytımızdan əskik etməyin. Allah qərib diyarda Sizləri qorusun, Amin!

  4. Hüseyn qardaşım, kaş bizim millətimiz də ukraynalılar kimi millətini sevən millətçi olaydı.

    • Qabil bey dediyiniz sez bu zonaya aid deyil.Bu zona her yerda ez sezunu deyib,bundan sonra da deyecek,sadece bizlar azliq tewkil edirik.Ela werait olsaydi ki,tekce siz oxusaydiz siza ela adlar ela faktlar yazardim ezunuz testiq ederdiz.Tewekkurlar.

  5. Meqaleni men da oxudum.Umumiyyetle ukraynalilar cox merd olurlar(ezum ukraynada eskerlik elamiwam Ujqurudda) Qebele klubunun mewkcisi da ukraynadandir,yeri gelmiwken Qabil muellim axwam qebele ila kiprin apollon komandasi arasinda qeden oyuna baxdiniz?Gerdunuzmu merd ukraynali hakimler hec neden qorxmadan Apollonun bawina ne oyun getirdilar?Kaw Xezer Lenkaranin da bela baw mewkcisi va onun arxasinda dura bilen hemyerli hakimleri olaydi.Sez yox penalti var idi,verilmeye de bilerdi axi ezu da oyunun axirinci saniyyesinda.Her yerda day-day lazimdir hela Xezer Lenkarana da.Azerbaycanin bayraqini tehqir eliyenleri Allah cezalandirir.BAYRAQIMIZ HEMIWA YUKSEKLERDA AMIN !!!!!!!!

  6. Salam muellim,yeni trasferlerden ne xeber?
    ***
    Hələlik komanda ilə əlaqə saxlamırdıq. Əlaqə yaradanda bu mövzuda da yeniliklərlə maraqlanacağıq.

  7. SALAM axsaminiz xeyr doqurdanda cox maraqli ve qurur vericidir yasasin 12-ci oyuncu bu sayiti erseye getiren insanlar var olsun XEZERLENKERAN butun camiemiz var olsun gelen sabahlarimiz nurlu olsun AMIN-AMIN

  8. Mən də “Xəzər Lənkəran” azarkeşi olaraq həmyerlimiz Əli Məmmədova və onun timsalında qərib ölkədə yaşayan bütün azərbaycanlılara Salam göndərirəm. Yazıya görə Əli qardaşımıza təşəkkür edirəm.

  9. Hörmətli admin!

    Bu təsadüfə oxşar mənim də bir balaca hekayəm var.

    maraqlı olsa yaza bilərəm.

    Hörmətlə
    ***
    Salam. Əlbəttə maraqlıdır bizim üçün və ümid edirəm ki, bütün azarkeşlərimiz üçün də eynən maraqlı olar. Buyurun yazın və göndərin, sayt bütün azarkeşlərin xidmətindədir.

  10. Bu məqalədə hadisələrin mahiyyətindəndən çox yazi muəllifinin profesional sujet xətti qurmasi diqqətimi cəlb etdi.Əhsən belə yazilari saytimiza göndərənlərə.Ona görə deyilir : “Xəzər Lənkəran!.-Sən urəklərdəsən…”

  11. Bu meqale meni yaman kovreltdi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


bir + 5 =