11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer“Axırıncı aşırım” filmində məşhur bir səhnə var.

Kərbəlayi İsmayılın Abbasqulu bəyə şikayətləndiyi epizodu nəzərdə tuturam – “Canımı dişimə tutub, birtəhər dözürdüm, dinc qoymadılar. Topraqlarımı əlimdən aldılar, susdum. Taxılı apardılar, dinmədim. Evimi tar-mar etdilər, danışmadım. Şura soveti gəldi, “kombet” getdi, dinmədim. İndi də bu kolxoz oyununu atıblar ortaya…”
Səbrli olmaq hər zaman faydalı, işə yarayan xüsusiyyətdi. Amma bıçaq sümüyə dirənəndə susmaq, başına açılan oyunları sakitcə müşahidə etmək də olmur. Kobud desəm, gəbərənə kimi səbrli olmaq da çıxış yolu deyil. 
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov futbol ictimaiyyətinə o qədər də yaxından tanış deyil. Onun adını geniş kütlə “gəmiçilər”in əvəzedici heyəti mübarizə apardıqları çempionatda boy göstərəndən sonra eşitməyə başladı. Məlum oldu ki, papaq altında oğullar varmış. Azərbaycanda futbolu bilən, futbolçu seçimini düzgün aparmağı, mübariz kollektiv qurmağı bacaran mütəxəssislərin sayı heç də üzdə olanlarla məhdudlaşmırmış. 
Məhz bu bacarığı sayəsində qısa müddətdə irəli çəkildi. O da məsuliyyətdən boyu qaçırmadı. “Xəzər Lənkəran”ın çətin günlərində çiyinlərini ağır yükün altına verməkdən, yeniyetmə və gənclərdən komanda formalaşdırıb, cənub bölgəsinin idman şərəfini qorumaqdan çəkinmədi. Qış fasiləsindən bəri “ağ-yaşıllar”ın sərgilədiyi oyun, eyni zamanda, son aylarda müxtəlif millilərin heyətinə çağırılan lənkəranlı futbolçuların sayının artması çox şeydən xəbər verir.
İndi həmin Elbrus Məmmədov da Kərbəlayi İsmayıl sayağı dilə gəlib. Düşdükləri çətin durumdan, turnir cədvəlindəki yerlərindən istifadə edib, başlarına oyun açmağa çalışanlara qarşı üsyan edir, etiraz səsini ucaldır. Bu dəfə səbəb yetərincə ciddidi. “İnter”lə oyunun günorta saat 13:30-a təyin edilməsi onu dilə gətirib. Özü də etirazının peşəkar izahatını da verib. Saat 13:30-da futbolçuların orqanizmi tam oyanmır, fizioloji cəhətdən narahatçılıq hiss olunur. Artıq neçənci dəfədi ki, “Xəzər Lənkəran”ın ev oyunları günorta saatlarına təyin edilir. Ölkə kubokunun ¼ final mərhələsində “Neftçi”ylə oyunun ssenarisi, gərginliyi bu qarşılaşmaya etinasız yanaşanları məyus etdi. Həmin qarşılaşma axşam saatlarına salınsaydı, bütün ölkəyə televiziya ekranlarından canlı yayınlansaydı futbolumuzun bəzəyinə çevrilərdi. Keçdi getdi, güzəşt dedik. Bu dəfə “İnter”lə oyun günorta saat 13:30-a salınıb. Nə varmış ki, “CBC Sport” oyunu canlı göstərəcək, kanalın yayım axınında başqa boş zaman yoxmuş. Çox mənasız bəhanədi. 
“CBC Sport” ölkə çempionatının daha yaxşı təbliği üçün yaradılmayıbmı, cənablar? O zaman azarkeşlərinin sayına görə ölkəmizdə öncüllərdən olan bir klubun oyunu bu kanalın istəyi ilə niyə günorta saatlarına salınmalıdı? Kanal öz işini klublara görə qurmalıdı, əksi olmamalıdı. Yox, başqa cür variant mümkün deyilsə, telekanal yayım cədvləində dəyişiklik edə bilmirsə, bu dəfə digər klubların iştirakıyla oyun erkən saata salınsın. Zatən ölkədə azarkeşlərinin sayı bir əlin barmaqlarının sayı qədər olan klublar yetərincədi. Onların oyununa nə stadiondan baxan var, nə də televiziyadan. 
Çətin durumda olan “Xəzər Lənkəran”a ölkə futbolunun başbilənləri beləmi dəstək olur? Əvvəlla, günorta vaxtı futbolçunun süstlüyünü aradan qaldıra bilməmək məşqçinin işini çətinləşdirir. Onsuz da kasad heyətlə, təcrübəsiz gənclərlə çalışan Elbrus bəyin işi çətindi. Digər tərəfdən, klub bilet satışından 3-4 min manat pul qazanıb, məişət problemlərinin həllinə sərf edəcəksə, bunun nəyi pisdi?
Bir düşünün, cənablar. “Xəzər Lənkəran”ın və Elbrus Məmmədovun haqlı fəryadına biganə qalmayın!

Amal ABUŞOV

————–

MƏNBƏ: Sport7.az

Bir şərh

  1. Kecmiw azarkew says:

    Elbrus narahat olmasin. Bu defe xezer uduzmayacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 + üç =