10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

antalya-m-1 “Xəzər Lənkəran”la qış təlim-məşq toplanışı çərçivəsində yenidən birlikdə olacaqdım ki, bu da “ağ-yaşıllar”la son 6 ildə ardıcıl növbəti səfərim idi.

Bir sayt əməkdaşı üçün informasiya, özəlliklə yeni transferlər haqqında veriləcək məlumatlar nə qədər önəmli olsa da, bu sarıdan işim kasad idi.

 Yenilənmiş, gənclərdən qurulan cənub klubundan hələ ölkəni tərk etməzdən öncə aldığım məlumata görə, yeni transfer gözləməyə dəyməzdi. Bu mənada həmişə ölkə mətbuatının diqqətində olan, dostum Hüseyn Cəbrayıloğlunun sözü ilə desək, “bazasının xadiməsinin dəhlizi neçə vedrə su ilə yuması belə xəbər olan” “Xəzər Lənkəran”da ötən illərdən fərqli, xəbər bolluğunun olmamağı labüdlüyü, transfer “bombası”nın partlamayacağı və bütün “özəl”lərin klubun düşərgəsində olduğum üçün məhz bizdən ictimaiyyətə açıqlanması kimi çox vacib perspektivin əldən çıxması, kefimə əməlli-başlı soğan doğramışdı. Bununla belə, həmişə yazmağa nə isə var. Hələ söhbət “Xəzər Lənkəran”dan gedirsə…

 Yuxusunu reallaşdıran gənclər

 Yarandığı gündən iddialı olan, ölkə çempionatına yaraşıq və rəqabət gətirən, tarixin bütün dönəmlərində “əfsanə Toşak” kimi xatırlanacaq Con Benjamin Toşakından tutmuş, “Beşiktaş” kimi böyük bir klubun tarixində avrokuboklarda ən çox qol vuran Oktay Dərəlioğlu ismində futbolçuları heyətinə qatan “Xəzər Lənkəran” bu gün onlara əmanət idi. İlyası, Elnuru, Mahsunu, Elvini və digərləri bu imkanı yəqin ki, yuxularında görür, bir gün “Fırtınalar Meydanı”nda əsas komandanın formasını geyinmək arzusu ilə yaşayırdılar. Amma klub rəhbərliyinin qəbul olunan “gəncləşmə siyasəti” bu gənclər üçün yuxularının reallaşması demək idi.

 Əslində, kənardan gənclərin böyük məsuliyyəti necə anlamaları tam hiss olunmurdu. İlk iki yoxlama matçında da gənclər bəlkə də hələ əvəzedici komandanın “şinel”ini üzərlərindən çıxara bilməmişdilər. Yəqin ki, idman direktoru Yunis Hüseynovun sonradan iclaslarda futbolçulara lazım olan “nələri”sə anlatması, baş məşqçi Elbrus Məmmədovun müdaxilələri və getdikcə əfsanə kapitan adı yolunda inamla yürüyən Rahid Əmirquliyevin “qulaqburması” işə yaradı. Üçüncü yoxlama görüşündə, Ukrayna “Metallurq”u qarşısında meydanda 90 dəqiqə inamlı mübarizə aparan, özündən boyca iki dəfə böyük olan “xaxol”ları özündən çıxaran lənkəranlı gənclər vardı.

 Məhz bu qarşılaşma hər kəsdə bir inam, xoş təəssürat formalaşdırdı. Bütün əskiklərə baxmayaraq, gənc “Xəzər Lənkəran” həmin oyundan sonra Antalyadan Azərbaycana “Biz də varıq!” mesajını göndərdi. Lakin gənclərin təcrübəsizliyi, elə 4-cü yoxlama matçında qaçırdıqları 5-dən çox real qol vəziyyəti tam rahatlığı ilə nikbinliyə qapılmağa imkan vermir.

 Çox güman, fiziki yöndə topuğa qədər dəniz qumuna girib çalışmaqdan tutmuş, həyatı yalnız fiziki çalışmalardan ibarət olduğu düşüncəsi ilə yaşayan Covanni Melkiorrenin verdiyi tapşırıqlara qədər möhkəmlənən gənclər qarşıdakı çempionat oyunlarında bütün qüvvələrini meydanda qoyacaqlar. Amma üzü üzlər görmüş təcrübəli futbolçulardan ibarət iddialı rəqiblər önündə alınan nəticələr uğursuz olarsa, elə ilk növbədə tələbkar “Xəzər Lənkəran” camiəsi mütləq öz yetirmələrinə sahib çıxmalıdı. Çünki, bu gənclərin arasından mütləq bir neçəsi sabahın “Xəzər Lənkəran”ı üçün çıxacaq ki, bunun özü ən böyük qazancdı. Və bu qazanc yalnız statistika və muzey eksponatı üçün lazım olan kuboklardan daha vacibdi…

 Cavan qrup rəhbərləri

 Maraqlı o idi ki, gənclər kimi komandanın Antalya toplanışına rəhbərlik edən klub rəsmiləri də gənc idi. “Xəzər Lənkəran”ın lisenziyalaşdırma üzrə meneceri Elvin İsmixanov toplanışa rəhbərliyi üzərinə götürmüşdü və idman direktoru Yunis Hüseynov komandaya cavabdehliyi daşısa da, bütün digər məsələlər məhz Elvinin üzərində idi. Onun hər işinə məsuliyyətlə yanaşması, bu sahədə illərin “qoca qurd”larına belə fırıldaqlıq gələn toplanışı keçirməyə cavabdeh olan şəxslərlə, menecerlərə, otel nümayəndələrinə aldanmamağı səlist və təmkinli davranışı alqışa layiq idi. Elə marketinq üzrə menecer Rəşad Əzizovun da bu işdə ona yardımçı olmasını xüsusi qeyd etməyə dəyər.

 “Xəzər Lənkəran” TV

 Son iki ildə özündən söz etdirən klubun internet televiziyası yenə öz işində idi. Bütün yoxlama oyunlarının canlı yayımlanması və ayaqüstə 90 dəqiqə verilən şərhlər ən böyük qiymətə layiqdi. Elə ilk yoxlama oyununda canlı yayıma qonaqların, ekspertlərin dəvət olunması kimi yeniliklər mükəmməl idi. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun canlı yayımın təşkili üçün kamera quraşdırılmasına nəzarəti, elektrik xətti almaq üçün bəzən oyunların keçirildiyi meydanların rəhbərlərinə hədə-qorxu gəlməsi, bəzən şirin dilini işə salması, amma sonunda istədiyinə nail olması kənardan xoş təəssürat kimi yaddaşımda iz buraxdı.

 Məncə, lənkəranlı azarkeşlər isti evlərində Antalyadan verilən yayımı izlərkən, bu yayımın nə qədər çətinliklə başa gəlməsini, matçın keçirildiyi meydanda kamera quraşdırmaq üçün yalnız bir qüllə olduğu halda, azı 3-4 maraqlı tərəfin ora kamera yerləşdirmək istəyi qarşısında “Xəzər Lənkəran” operatorlarının o qüllədə birinci olmasına necə nail olunmasını nəzərə almalıdı.

 Və son…

 “Xəzər Lənkəran”la 20 günlük səfərim başa çatdı və biz yenidən Hava Limanında Vətənə qayıtmaq üçün ayaqüstəyik. Bu dəfə cənub klubunun inzibatçıları, tibbi personalının işi əvvəlki illərlə müqayisədə daha azdı. Çünki, bahalı futbolçulardan fərqli, yerli gənclər klubun böyük yük çantalarının daşınmasında onlara yardımçı olur, əl-ələ verib işin sürətlənməsinə yardımçı olurlar.

 Məncə elə əsas da budu. Mehriban və yumruq kimi bir ailə vəhdəti… Uğur bir gün mütləq gələcək. Bəlkə də elə bu gənclərlə!

 PS: Səfərin təşkilində göstərdiyi köməkliyə görə, “Xəzər Lənkəran” rəhbərliyinə minnətdarlığımızı bildiririk.

İxtiyar Əsgərov

Apasport.az

9 Şərh

  1. Zəfər Lerikli says:

    ……………..
    ……………..
    ……………..
    ***
    Bağışlayın ki, gec oxuya b ildim şərhiizi. Amma gec də olsa sevindim ki, həqiqətləri özünüz asanlıqla müşahidə edə bilirsiniz.

  2. Rovshan Asadov says:

    Estafet sizdedir uwaqlar, gosterin ozunuzu, deyin sozunuzu. Meyus edin reqibleri, utandirin sizi sevmeyenleri. Netice bu gun olmasa da, sabah mutleq gelecek inwaAllah. Caninizi meydanda qoyun, bu bize yeter! Ugurlar genclerimize, ugurlar Xezer Lenkeranimiza! Ya Allah.

  3. Zəfər Lerikli says:

    Admin bəy.Elbrus məşqçi kimi “XL”-a hardan gəlib ki…?.Bəlkə məlumatiniz var?.Son vaxtlar bu məşqçi barədə umidsiz şərhlər çoxalib.Mənim məlumatim olmadiğina görə yalniz şərhləri izləyirəm
    ***
    Elbrus Məmmədovun haradan gəlməsini bilmirəm, düzü heç bununla maraqlanmıram da, çünki qəribə də olsa onun haqqında mənfi fikirlər yazılan şərhlərin əksəriyyəti eyni “İP” ünvanlardan müxtəlif “NİK”lərlə yazılması faktı əlimdə sübut kimi vardır. Hətta bəziləri onu söyürlər deməli belələrinin Elbrusla şəxsi düşmənçiliyi var. Bəziləri onun əvəzedicinin heyətdəki fəaliyyəti haqqında çox xırdalıqları qeyd edir və onun əleyhinə böyük təbliğat işinə başlayıblar, deməli belələri Elbrus Məmmədovdan hələ əvəzedicidə çalışarkən narazı qalan ya futbolçu uşaqların özləri ya da valideynləridir. Belə şeyləri mən illərlə görmüşəm.
    Məsələn, saytın rəhbəri kimi sayt istifadəçilərinin texniki cəhətdən görə bilmədiyi elə şeylər olur ki, mən onu seyr etdikcə müxtəlif tip insanların əcaib planlarından xəbərdar oluram. İllərlərdir ki, belə şərhləri cədvəl şəklində toplayıb əvvəlcə “İP” ünvanlara uyğun və sonra da dəsti xəttlərə əsasən bölüşdürürəm, belədə çox maraqlı mənzərələr yaranır. Kimlərin hansı işlərlə məşğul olması aydınlaşır. Sonra hamıdan gizli həmin şərhləri yazanlarla dialoq qurur və şəxsiyyətini müəyyənləşdirmək üçün bəzən bilərəkdən hətta konfliktə də gedirəm. Belədə özlərini saxlaya bilməyib əsəbləşdiklərindən özləri də hiss etmədən hansısa ip ucunu mənə verirlər. Sonra topladığım məlumatı fəal azarkeşlərlə paylaşıram. Sonda 10-larla bəzən isə 100-lərlə şərhin müəlliflərini tapıram. Ən çox belə şərhlər Lənkərandan və Bakıdan gəlir. Onların arasında klubdan qovulanlar, komandada oynamış futbolçuların özləri və ya yaxın qohumları olur. Ən dəhşətlisi isə odur ki, belələrinin əksəriyyəti hamının fanat kimi tanıdıqları insanlar olur. Özünü “Xəzər Lənkəran”ın fan klublarının üzvləri və ya rəhbərləri kimi tanıtdırmağa çalışan belələrinin “Xəzər Lənkəran” əleyhinə bunca düşmənçiliklə çalışmalarını araşdırıb tapmaq məni dəfələrlə dəhşətə gətirib. Belə vəziyyətlərdə bəzən düşünürəm ki, “Xəzər Lənkəran” camisəinə düşmən lazım deyil, bu camiəyə düşmən kəsilənlərin müəyyən hissəsi elə cənubdadır və ya əslən cənubdandırlar Bakıda yaşayırlar.

    • Zəfər Lerikli says:

      Qəribə mənzərədir.Təşəkkur edirəm.Hər şey aydindir.
      ***
      Qəribə yoxe biabırçı və utancverici mənzərədir.

  4. Salam Admin bəy. Əlbətdə ki, belə yazılar gəncləşdirilmiş bir komandanın gənc üzvləri üçün əlavə motivasiyadır. Çünki, yüz faiz əminəm ki, əsasən də gənc heyyət üzvləri onlar haqda yazdığlarımızı mütəmadi olaraq oxuyurlar. Əgər yazdığımız hər kəlmə onları qələbəyə aparacaqsa, niyə də biz bunu onlardan əsirgəməliyik. Komandanın heyyət baxımından indiki durumunu heç də ümidsiz adlandırmaq da düzgün deyil. Əvəzedici heyyətin oyunlarıni mütəmadi izləyən biri kimi az-çox onların potensialına bələdəm və ümid edirəm ki, gənclərimiz stajlı futbolçularımızla bir yumruq kimi vəhdət qura bilsələr, ortalığa nə isə çıxarmaq mümkündür. Biz yalnız onların əzmkarlığı, intizamlılığı, meydanda səylə mübarizə ruhunun olması sayəsində gələcəyin güclü “Xəzər Lənkəran”ını görə bilərik.

  5. Biz genclerimizi destekleyirik,amma bawlarinda oz yerli mewqcimiz olmalidi,el ursun hardan ureyi yanacaq lenkerana?o pul xetrine iwleyirki o pulun 50 faizinide hec bir klub ona vermez.hemde mewqci kimi cox zeyifdi.bizim guclu mewqcilerimiz var.biri Fazil Esedov.futboldan bawi cixanlar bu iki mewqci arasinda neqeder ferq olmaqini gorsun

  6. Azərbaycanlı says:

    Allahın köməyi ilə bu gənclər bizim özümüzünkülərdən ibarət komandamızı görmək istəyimizi də reallaşdıracaqlar. Gənclərimizi əmin edirəm ki, onlar təmiz futbol oynamağı bacarırlar, buna əmin olsunlar və bilsinlər ki, bu gün XL Azarkeşi onların yanındadır. Biz onlardan bir şeyi istəyirik – döyüşkən olsunlar, hər oyun epizoduna tam bir oyun kimi yanaşsınlar. Hər birinizin epizodlarda qazandığı üstünlüklərin cəmi komandanın nəticəsini təşkil edir. Heç vaxt əldən verilən epizodları saymayın, üstünlük yaradın və üstün olduğunuz məqamların coşqusu ilə alışın.

  7. Çox xoşdur belə yazını oxumaq.Vallah sabah uduzsalar belə gəncləri sindırmaq olmaz .
    Oxuyanda kövrəlməmək olmur .Çox sağ olun.Təmiz qəlb və Xəzərin dostu hiss olunur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = iki